“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 34-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“İnanıram ki, oyun hamının xoşuna gəldi. Maraqlı oyun oldu. Premyer Liqada qalmağı təmin etməyimizə baxmayaraq, uşaqlar yaxşı mübarizə apardılar. Bütün “Kəpəz” camiəsini təbrik edirəm”.
Azər Bağırov ötən gün “Səbail”in Premyer Liqanı tərk etməsinin və “Kəpəz”in yeni rəhbərliyinin açıqlanmasının “Sumqayıt” üzərindəki qələbəyə təsirsiz ötüşmədiyini vurğulayıb:
“Hər oyun futbolçunun həyatında yeni səhifədir. Bir amil də odur ki, üzərimizdə psixoloji basqı yox idi”.
“Hakim “Kəpəz”in qalib gəlməsi üçün hər şeyi etdi”
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Gərgin, maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu gün hakim “Kəpəz”in qalib gəlməsi üçün hər şeyi etdi. Bizim də fürsətlərimiz oldu, dəyərləndirə bilmədik. Rəhbərlik hansı qərarı qəbul etsə, dəstəkləcəyəm. Növbəti mövsümdə burada qalsam, mənim işim barədə nəsə deyə bilərsiniz.
“Sumqayıt”da qalsam, nəyi dəyişərdim? Əlbəttə, bəzi futbolçuları dəyişərdim. Müasir futbolda qaçmasan, istəkli olmasan, qalib gəlmək mümkün deyil. Mənim də səhvlərim var. Amma bu komandanı mən qurmamışam. Qışdan sonra cəmi 3 transfer etdik. Mənim getməyim “Sumqayıt”a fayda verərsə, getməyə hazıram.
2006-2007 təvəllüdlü futbolçuları bizdən başqa hansı klub oynadır? Yetərli olsaydılar, əlbəttə, oynatmaq istəyərdim. 9-cu yerdə olmağımızın səbəbkarı yalnız Vaqif Cavadov deyil. Məndən əvvəl də komanda yaxşı oynamırdı. Hər situasiyaya hazıram. Əsas məsələ Premyer Liqada qalmaq idi, bunu da bacardıq. Həmişə Azərbaycan futbolunda legionerlərə üstünlük verilib. Əcnəbi pulları qatlayıb öz evinə gedir”.