Şri-Lankada baş verən ağır yol qəzası nəticəsində 21 nəfər həyatını itirib, 14 nəfər isə xəsarət alıb.
Hadisə paytaxt Kolombodan təxminən 140 kilometr şərqdə yerləşən Kotmale bölgəsi yaxınlığında qeydə alınıb. Sərnişin avtobusu hərəkətdə olarkən dərəyə yuvarlanıb.
Şri-Lankanın Nəqliyyat və Avtomobil Yolları nazirinin müavini Prasanna Qunassena mətbuata açıqlamasında bildirib ki, qəza nəticəsində 21 nəfər ölüb, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polis əməkdaşlarının verdiyi məlumata görə, qəza zamanı avtobusda təxminən 50 nəfər sərnişin olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.