AZ

V.Yonesku: Azərbaycan-regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir

Rumıniyanın nüfuzlu “Cursul de Guvernare” (“Hakimiyyət Kursu”) analitik nəşrində Vladimir Yoneskunun yazdığı analitik məqalədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin iştirakı ilə Səmərqənddə keçirilmiş Aİ–Orta Asiya Sammitində aparılan müzakirələr barədə söz açılıb. Müəllif diqqətə çatdırır ki, Avropa İttifaqı (Aİ) Rusiya qazından asılılığı azaltmaq və yaşıl enerji keçidini sürətləndirmək məqsədilə Orta Asiya ölkələri ilə enerji və mineral əməkdaşlığını genişləndirməyə çalışır.

“İki sahil” xəbər verir ki, məqalədə qeyd olunur ki, rəsmi bəyanatlardan fərqli olaraq, ekspertlərin əksəriyyəti Aİ-nin bu regiondakı planlarının yalnız uzunmüddətli perspektivdə uğur qazana biləcəyini bildirirlər. Vladimir Yonesku öz yazısında Azərbaycanın “Orta Dəhliz”-dəki əvəzolunmaz roluna xüsusi diqqət yetirir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Limanı və ölkənin sabit siyasi mövqeyi Aİ üçün Azərbaycanı strateji tərəfdaşa çevirib. Ursula fon der Leyen bildirib ki, Aİ tərəfindən dəstəklənən infrastruktur layihələri bu dəhlizlə yük daşınma müddətini 30 gündən 15 günə endirə bilər.

V.Yoneskunun fikrincə, bu təşəbbüslər Azərbaycan üzərindən keçən nəqliyyat axınlarını daha da artıracaq və ölkəmizi enerji və xammal ticarətində regional mərkəzə çevirəcək. Məqalədə bildirilir ki, Avropa üçün qaz mənbəyi kimi Türkmənistana ümidlər böyükdür. Lakin ölkənin Çinə uzunmüddətli qaz müqavilələri, habelə Transxəzər boru kəmərinin tikintisinin qarşısında duran siyasi maneələr (xüsusilə Rusiya və İranın veto hüququ) bu planların reallaşmasını sual altına alır.

Buna baxmayaraq, Azərbaycanın mövcud infrastruktur imkanları Avropa üçün alternativ rol oynaya bilər. Qazaxıstanın neftinin böyük hissəsi hazırda Rusiya üzərindən daşınsa da, V.Yonesku qeyd edir ki, bu nəqliyyatın Azərbaycan üzərindən yönləndirilməsi istiqamətində aktiv addımlar atılır.

Müəllif yazır ki, Aİ-nin əsas maraqlarından biri də Mərkəzi Asiyanın zəngin nadir torpaq elementləri və strateji minerallarıdır. Bu resursların tədarükü üçün də “Orta Dəhliz” vasitəsilə Azərbaycan tranzit və logistik mərkəz rolunu oynayır.

Aİ rəhbərliyi yalnız resursların ixracını deyil, həm də yerli emal və sənaye potensialının inkişafını dəstəkləyəcəyini açıqlayıb. Azərbaycanın bu sahədə də Orta Asiya ilə Avropa arasında sənaye əməkdaşlığına platforma təqdim edə biləcəyi vurğulanır.

Qeyd edək ki, Vladimir Yoneskunun yazısında ümumi nəticə ondan ibarətdir ki, Aİ-nin Mərkəzi Asiyaya yönəlmiş enerji və mineral strategiyası, hər nə qədər ambisiyalı olsa da, yalnız uzunmüddətli və sabit əməkdaşlıq şəraitində uğur qazana bilər. Bu prosesdə Azərbaycanın rolu təkcə tranzit ölkə olmaqla bitmir – ölkə həm də regionda sabitlik, çeviklik və tərəfdaşlıq baxımından həlledici mövqedədir.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr