İspaniyanın “Sevilya” klubu La Liqanın 35-ci turunda “Selta”ya 2:3 hesabı ilə məğlubiyyətdən sonra baş vermiş insidentlə bağlı rəsmi açıqlama yayıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmıtinə istinadən verdiyi məlumata görə, komandanın avtobusuna və klub bazasına edilən hücumla əlaqədar azarkeşlərin davranışını qətiyyətlə pislənilib.
Açıqlamada qeyd olunur ki, mayın 10-da “Selta” ilə keçirilən oyundan sonra əsas komandanın bazaya qayıtdığı vaxt bir qrup azarkeşin aqressiv davranışları müşahidə olunub. Klub bu hadisəni şiddətlə qınayaraq bildirib ki, nəticələrə görə narazılıq başa düşüləndir, lakin təhdid, zorakılıq və vandalizm kimi davranışlar qəbuledilməzdir.
"Sevilya" rəhbərliyi baş vermiş hadisə ilə bağlı səlahiyyətli orqanlara məlumat verəcəyini, eləcə də hadisədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün lazımi tədbirləri görəcəyini bildirib. Klub, həmçinin hüquq-mühafizə orqanlarından mütəşəkkil şəkildə hərəkət edən radikal qrupun müəyyən olunaraq məsuliyyətə cəlb edilməsini tələb edib.
Klub vurğulayıb ki, bu hərəkətlərdə iştirak edənlər “Sevilya” azarkeşidirsə, onlara qarşı güzəştə gedilməyəcək.
Xatırladaq ki, "Sevilya"nın La Liqada qələbəsiz seriyası 8 oyuna çatıb. Komanda 35 turdan sonra 38 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb. Andalusiya təmsilçisi növbəti turda “Las Palmas”la qarşılaşacaq.