BAKI, 11 may. TELEQRAF
Polşanın Pulavı şəhərində keçirilən Fudokan Karate üzrə 10-cu Dünya Çempionatı yekunlaşıb.
Azərbaycan Karate Federasiyasından Teleqraf-a verilən məlumata görə, mayın 7-də start götürən və dörd gün davam edən beynəlxalq yarışda Azərbaycanın ənənəvi karate – fudokan üslubu üzrə milli komandası da iştirak edib.
Azərbaycan seçməsi mundialda 9 dəst medal qazanıb.
Hacıəli Vəlizadə böyüklər arasında +80 kq çəki dərəcəsində, Vüsal Seyidov – U21 kateqoriyasında 60 kq-da, Tahir Ələkbərov gənc oğlanlar arasında (16–17 yaş, 75 kq), Şəfaqət Zeynallı gənc qızlar arasında (16–17 yaş, 60 kq) və Qorxmaz Səfərli yeniyetmələr arasında (14–15 yaş, 60 kq) qızıl medala layiq görülüb.
65 kq-da gənclər arasında Məhəmməd Bağırov gümüş medal qazanıb.
Yusif Mustafazadə uşaqlar arasında (10–11 yaş, 35 kq), Siyavuş Bayramov Siyavuş veteranlar arasında +75 kq-da, Kamran Heydərzadə isə böyüklər arasında (80 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, kişilər arasında mütləq çəki dərəcəsində mübarizə aparan Babək Qələmzadə ilk döyüşdə erməni rəqibini 4:0 hesabı ilə məğlub edərək uğurlu start verib. Ardınca 4 görüş keçirən idmançı zədə səbəbindən finalda polşalı rəqibinə uduzaraq gümüş medal qazanıb.