Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.
Teleqraf xəbər verir ki, satış şəbəkələrinə artıq “Sabrania” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.
Artım ilkin mərhələdə yalnız “Sabrania” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.
Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.
Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur.
Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a bildirib ki, hazırda pərakəndə satış bazarında olan tütün məhsullarının və siqaretlərin qiymətinin bahalaşacağını düşünmür:
“Çünki buna səbəb olan heç bir iqtisadi amil yoxdur. Vergi və aksiz rüsumları artırılmayıb, eyni zamanda idxalla bağlı hər hansı bir çətinlik yoxdur. “Sabraniya” markalı siqaret dünyanın müxtəlif ölkələrində və müxtəlif nöqtələrində qablaşdırılır. Azərbaycana idxal edilən “Sabraniya” markası Şərqi Avropada və Rusiyada qablaşdırılır. Böyük ehtimal ki, Rusiyadan Azərbaycana idxal edilən “Sabraniya”markası ilə bağlı istehsalçı qiymətləri artırdığına görə, bu siqaret markasının qiyməti bahalaşıb. Bəzən məhsul üzrə markaların satışında premium kateqoriyaya keçmək üçün istehsalçılar özləri qiymətləri bahalaşdırırlar. Yəni ola bilsin ki, həm burada marjanı artırmaq, həm də “Sabraniya” markasını premium markasına çevirməklə bağlı qərar qəbul olunub. Ehtimal da var ki, Azərbaycan bazarında və digər ölkələrin bazarlarında qiymətlər arta bilər. Lakin araşdırmalar göstərir ki, “Sabraniya@ markası hazırda yalnız Azərbaycanda bahalaşıb. İlin əvvəlindən bu günə qədər istər Yaponiyadakı istehsal zavodundan, istərsə də Şərqi Avropadan ixrac edilən “Sabraniya”markası üzrə siqaretlərin qiymətində bahalaşma yoxdur. Ola bilsin ki, Rusiyada olan zavod Azərbaycana ixrac etdiyi “Sabraniya” markasını bahalaşdırıb. Digər tütün məhsulları və bir çox siqaret Azərbaycanda qablaşdırılır. Yaxın günlərdə onların təkrar bahalaşma ehtimalının olacağını düşünmürəm. Eyni zamanda, logistik problemlər də yoxdur. Mövcud vəziyyət üçün normal iqtisadi yanaşmada qiymətlər bahalaşmamalıdır”.