Sağlam qidalanmanın əsas elementlərindən biri olan çərəzlər həm enerji vermə xüsusiyyətləri, həm də orqanizmə göstərdikləri saysız faydalarla diqqət çəkir. Adətən fındıq, badam və Antep fıstığı ən çox istifadə olunan çərəzlər arasında yer alsa da, mütəxəssislərə görə ən sağlam çərəz bunlardan heç biri deyil.
"Ölkə.az" xəbər verir ki, aparılan elmi tədqiqatlara əsasən, qoz sağlamlıq baxımından digərlərindən açıq şəkildə öndədir.
Niyə məhz qoz?
Amerika Ürək Dərnəyi (American Heart Association) və Harvard T.H. Chan İctimai Sağlamlıq Məktəbi tərəfindən dərc edilən elmi araşdırmalar göstərir ki, qoz omeqa-3 yağ turşuları, antioksidantlar və polifenollar baxımından digər bütün çərəzləri geridə qoyur. Xüsusilə bitki mənşəli omeqa-3 növü olan alfa-linolenik turşusu (ALA) yalnız qozda yüksək miqdarda mövcuddur.
Harvard Universitetinin 2021-ci ildə "Nutrition" jurnalında dərc edilən genişmiqyaslı araşdırmasına görə, mütəmadi olaraq qoz istehlak edən şəxslərdə ürək-damar xəstəliklərinə tutulma riski 15%-ə qədər azalır. Eyni tədqiqatda həftədə ən azı beş pors qoz yeyən şəxslərin ömrünün uzandığı da qeyd olunur.
Beyin və psixi sağlamlığa təsiri
Mütəxəssis diyetoloqlar qozun yalnız fiziki deyil, zehni sağlamlıq üçün də olduqca faydalı olduğunu bildirirlər. Qozun tərkibindəki E vitamini, melatonin və polifenollar beyin funksiyalarını dəstəkləyir. Bəzi araşdırmalar, qozun yaddaş üzərində müsbət təsir göstərdiyini və yaşla əlaqəli zehni zəifləməni ləngitdiyini ortaya qoyur.
Digər çərəzləri niyə geridə qoyur?
Fındıq E vitamini baxımından, badam kalsiumla, Antep fıstığı isə proteinlə zəngin olsa da, qozun tərkibindəki çoxlu doymamış yağlar xüsusilə ürək sağlamlığının qorunmasında bənzərsizdir.
ABŞ-ın Milli Səhiyyə İnstitutu (NIH) tərəfindən dəstəklənən başqa bir araşdırmaya görə, qozun mütəmadi istifadəsi xolesterin səviyyələrinin tənzimlənməsinə və orqanizmdəki iltihabın azalmasına kömək edir. Həmçinin aşağı qlisemik indeksə malik olduğu üçün şəkər xəstələri üçün də təhlükəsiz bir alternativdir.(milli.az)