Əliməmməd Nuriyev: “Bizim üçün əsl təsəlli onu törədənlərin cəzalandırılmasıdır”
“Xocalı, Ağdaban və digər soyqırımlarının dərsliklərdə yer alması bizim üçün təsəlli ola bilməz. Bizim üçün əsl təsəlli onu törədənlərin cəzalandırılmasıdır”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Əliməmməd Nuriyev bildirib. Ekspert qeyd edib ki, hazırda qarşıda duran əsas məqsədlərdən biri xalqımıza qarşı soyqırımı törədənlərin cəzalandırılmasıdır:
“Xalqımıza qarşı törədilən bütün soyqırımları məqsədli şəkildə, Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Buna görə də həmin şəxslərin beynəlxalq məhkəmələr vasitəsilə məsuliyyətə cəlb ediməsi, insanlıq əleyhinə törətdikləri cinayətlərə görə cəzalandırılması mütləqdir. Bu, həm hüququn, həm də ədalətin tələbidir. Yalnız belə olan halda biz az da olsa təsəlli tapa, ədalətin öz yerini tapdığını iddia edə bilərik.
İnanıram ki, dövlətimiz bunun üçün bütün imkanlardan istifadə edəcək və biz gec-tez bu şəxslərin beynəlxalq məhkəmələr qarşısında dayandığına şahid olacağıq”.
Seymur ƏLİYEV