AZ

“Sevilya” fanatları klubun bazasına hücum çəkdilər

İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Selta”ya 2:3 hesablı səfər məğlubiyyəti “Sevilya”ya baha başa gəlib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, komandanın La Liqada ardıcıl 8 oyunluq qələbəsizlik silsiləsindən hiddətlənmiş azarkeşlər klubun avtobusunu yumurtaya basıblar.

Bundan başqa qəzəbli azarkeş kütləsi komandanın məşq düşərgəsini basmağa qalxıb.

Mənbənin məlumatına görə, azarkeşlər hücumlarını planlı şəkildə həyata keçiriblər. Əvvəlcə, narazı kütlə “Sevilya”nın “xoruzu qoltuğuna verildikdən” sonra San-Pablo hava limanına yollanıb və burada evə qayıtmaq üçün gələcək komandaya pusqu qurub. İlk növbədə azarkeşlər klub rəhbərliyinə və oyunçulara narazılıqlarını ifadə etmək niyyətində olublar. Ancaq klub təmsilçilri və komanda heyəti kütlənin yaxınlığından sivişərək, avtobusa minməyə macal tapıblar.

Qəzəbi daha da artmış azarkeş ordusu vəziyyəti anlayaraq “Sevilya”nın məşq düşərgəsinə yollanıb və “qonaqpərvərliyini” burada nümayiş etdirmək qərarına gəlib.

Bu müddətdə “Sevilya” rəhbərliyi vəziyyətin qəliz olduğunu anlayaraq, klub avtobusunu müşayiət etmək üçün çoxsaylı polis dəstəsini və mülki qvardiyanı cəlb edib. Mühafizə altında məşq düşərgəsinə yetişmiş avtobusu tərk etməkdə ikən klub təmsilçiləri və komanda heyəti azarkeşlər tərifindən fitə basılıb və yağlı söyüşlərə qonaq ediliblər, ardınca isə klub avtobusu yumurtaya basılıb. Polis və mülki qvardiya dəstələri pnevmatik silahlardan havaya atəş açamağa və qəzəbli kütləni dağıtmağa çalışıblar.

Azarkeşlərin qəzəbi bununla da soyumayıb. Pusquya çəkilmiş bir dəstə isə futbolçuların məşq düşərgəsini tərk etmək üçün şəxsi avtomobillərinə oturmasını gözləyib ki, onları da yumurtaya bassınlar. Digər bir azarkeş dsətəsi isə məşq düşərgəsinin hasarını sındıraraq, əraziyə soxulub. Futbolçular gecəni düşərgəsdə keçirməli olublar. Səhərə yaxın kütlə dağılışıb.

35 oyundan 38 xalla “Sevilya” yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Əndəlüs nəhəngi hələ də təhlükəli bölgəyə yuvarlanaraq La Liqanı tərk etmək ehtimalı ilə üz-üzədir.

Seçilən
0
arena.az

1Mənbələr