AZ

Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib.

"Report"un Xocalıya ezam olunan əməkdaşının əldə etdiyi məlumata görə, Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb.

“Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır.

Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş üç növ müxtəlif cins iribuynuzlu damazlıq heyvan var. Kompleks illik 100 ton ət, 2 min ton süd istehsalı gücünə malikdir. Heyvandarlıq məhsullarının istehsalında Türkiyə və Almaniya istehsalı olan avadanlıqlardan istifadə olunur.

Bildirilib ki, gələcəkdə süd istehsalının illik 3 min tona çatdırılması nəzərdə tutulur. Müəssisənin işğaldan azad olunmuş ərazilərdəki fəaliyyəti nəticəsində 55 nəfər daimi iş yerilə təmin edilib. Gələcəkdə istehsal gücünün artırılması ilə iş yerlərinin sayının 100-ə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, layihə dəyəri 4,2 milyon manat olan kompleksin ərazisi 7,6 hektardır. 500 hektar ərazidə isə yem tələbatını ödəmək məqsədilə payızlıq arpa və buğda əkilib.

Seçilən
0
2
report.az

3Mənbələr