"Rusiya və Ukrayna Prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında psixoloji mübarizə davam edir. Hər ikisi atəşkəsdən və müharibənin dayandırılması əhəmiyyətindən danışır. Hər iki dövlət 4-cü ildir davam edən müharibədən yorulub və hər iki lider istədiyi nəticəni əldə etməyib".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlƏrinə görə, ancaq Rusiya və Ukrayna liderləri müharibəni o şəkildə dayandırmalıdırlar ki, bu onların imicinə zərbə vurmasın:
"Digər məqam atəşkəs və müharibənin dayandırılması vacibliyindən danışmaqla ətraflarında daha çox tərəfdar toplamaqdır. Ukraynaya dəstək verən dövlətlərin sayı daha çoxdur, Kreml sahibi bu nisbəti öz xeyrinə dəyişməyə çalışır. Vladimir Putinin gecə ikinin yarısında jurnalistləri təcili Kremlə toplayıb “müharibəni dayandırmaq üçün birbaşa danışıqlar təklif edirəm” açıqlaması və cümlələrinin birində ABŞ Prezidenti Donald TrampA minnətdarlıq bildirməsi bu siyasətə xidmət edir. Tramp Putinin açıqlamasından məmnundur. Volodimir Zelenski təşəbbüsün Putinin tərəfinə keçməsinin qarşısını almaq üçün dərhal “mən də hazıram” cavabını verib. İki ölkə öz aralarındakı mübahisəni davam etdirəcəklər, önəmli olan müharibəni və insan itkisini dayandırmaqdır. Ayrıca, tərəflərin ikinci dəfə yenidən İstanbulda toplaşması və razılıq əldə etməsi Türkiyənin bölgədəki rolunu daha da artıracaq".
Vasif ƏLİHÜSEYN