AZ

“Matça normal təqvim oyunu kimi hazırlaşırıq” – fırtınaöncəsi səssizlik, yoxsa nə?

“Səbail” bu gün tarixinin bəlkə də ən önəmli matçını keçirəcək.

Bayıl təmsilçisi Misli premyer-liqasının 34-cü turu çərçivəsində “Zirə”ni sınağa çəkəcək. “Dənizçilər”in premyer-liqada qalmaq şansını artıra bilmək üçün artıq gümüş medalları təmin edən rəqibə qalib gəlməkdən başqa yolu yoxdu.

Bəs, komanda belə vacib matça hazırdımı? Klub rəhbərliyi 13 (!) oyundu qələbəyə həsrət qalan kollektivin tilsimi qırması üçün xüsusi vədlər veribmi? Bayıl əhlinin stadiona cəlb olunması yönündə tədbirlər planı varmı?

Bu suallarla “Səbail”in icraçı direktoru Firuz Abdullaya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Klubda hər kəs “Zirə” ilə matçın mahiyyətini dərk edir. Matça normal təqvim oyunu kimi hazırlaşırıq. Ümid edirik ki, lazım olan nəticəni qazanacağıq. Vəziyyət göz qabağındadı. Hər şey gün kimi aydındı. Bizə lazım olan qələbədi. Sonra nələrin baş verəcəyini zaman göstərəcək. Azarkeşlərə gəlincə, çoxu premyer-liqada məhz “Səbail”in ən az tərəfdara sahib olduğunu düşünür. Amma belə deyil. Onsuz da ölkə futbolunda azarkeş problemi var. Belə durumda daim tərəfdarlarımızın dəstəyini hiss etmişik. İstər ev, istərsə də səfər oyunlarında bizimlə olublar. İnanırıq ki, sabah da bizi tək qoymayacaqlar. Hər birinə təşəkkür edirik”.
Xatırladaq ki, “Səbail” – “Zirə” matçı “ASCO Arena”da, saat 17.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
0
football-plus.az

1Mənbələr