"Çin olmasa, Moskva hazırda apardığı şəkildə müharibə aparmaq iqtidarında deyil..."
Çin Rusiyanın mövqeyinə təsir göstərmək baxımından ciddi imkana malikdir.
Moderator.az xəbər verir ki, bu fikri Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak növbəti üç ayda sülhün əldə olunması ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib. Məlumatı "nv.ua" nəşri yayıb.
Yermakın sözlərinə görə, sülh prosesi cəbhə xətti də daxil olmaqla, 30 günlük tam atəşkəslə başlamalıdır. "Bir neçə variant mövcuddur ki, onlar danışıqlar və təzyiq mexanizmlərini nəzərdə tutur. Əvvəlcə Rusiya 30 günlük atəşkəsə razı olmalıdır. Sonra danışıqlar yolu işə düşür. Və yalnız bu halda bu proses tərəfdaşlarımızla birgə aparılacaq", - o, qeyd edib.
"Bu proses zamanı biz Ukraynanın mövqeyini müdafiə edəcək və atəşkəsin yerinə yetirilməsini izləyəcəyik. Əsas odur ki, həm cəbhə, həm də səma susmalı, yəni tam sükunət olmalıdır", - o, vurğulayıb. Yermak bildirib ki, təhlükəsizlik zəmanətləri Ukrayna üçün "vacib bir mexanizmdir".
O, həmçinin hərbçilər üçün maaşların artırılması məsələsinə də münasibət bildirib və deyib ki, 20 min (qrivna) maaşla dolanmaq mümkün deyil. Onun sözlərinə görə, maaşların artırılması məsələsi araşdırılmalıdır.
O, əlavə edib ki, bu məsələ onun səlahiyyətlərinə daxil deyil, amma bu istiqamətdə iş aparacağını vəd edib: "Təəssüf ki, bu, mənim səlahiyyət sahəmə daxil deyil. Amma mən müavinim Pavlo Palixaya bu məsələni Baş Qərargah, Müdafiə Nazirliyi və Nazirlər Kabineti ilə birgə araşdırmaq tapşırığını verəcəyəm", - Yermak bildirib.
Rusiya tərəfindən əsir götürülmüş mülki şəxslərin azad olunması ilə bağlı suala cavab verən prezident Ofisinin rəhbəri qeyd edib ki, "hamının hamıya" prinsipi ilə əsir mübadiləsi istiqamətində iş aparılır. "Sülhə doğru hərəkət qaçılmaz olaraq Rusiyanın oğurladığı bütün girovların və ukraynalı uşaqların geri qaytarılmasını da nəzərdə tutmalıdır", - o, bildirib.
Yermak həmçinin Çin rəhbəri Si Tszinpinın Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üzrə danışıqlardakı rolu barədə suala da cavab verib. Onun sözlərinə görə, Çin Rusiyanın mövqeyinə təsir göstərmək imkanına malikdir: "Pekin Rusiya enerji resurslarını alır, rusiyalılara sanksiyaları aşmaqda kömək edir. Çin olmasa, Moskva hazırda apardığı şəkildə müharibə apara bilməz".