AZ

Prezident: Bütün bu əzablı illər arxada qaldı

BAKI, 10 may. TELEQRAF

"Bütün bu əzablı illər arxada qaldı".

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşü zamanı deyib.

"Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək.

Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik. Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim. Bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışı olacaq. Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub", - deyə dövlət başçısı əlavə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr