Ukraynada ədalətli və uzunmüddətli sülh tam və qeyd-şərtsiz atəşkəslə başlamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
“Kiyevə qayıtdıqda ilk fikrim ukraynalılar haqqında oldu. Siz artıq üç ildən çoxdur ki, heyranedicı cəsarətlə müqavimət göstərirsiniz. Öz torpağınız, azadlığınız və Avropa üçün. Çünki, bəli, qitəmizin təhlükəsizliyi məhz bu mübarizədən keçir. Bağlanacaq sülh sazişi təhlükəsizliyə təminat verməlidir. Parisdə, Londonda və bu gün Kiyevdə keçirilən görüşlərdə biz bunun üzərində işləmişik. Biz birlikdə irəliləyirik”, - Makron vurğulayıb.
Fransa prezidenti əlavə edib ki, Rusiya təcavüzü qarşısında cavab kollektif olmalıdır. Məhz bu səbəbdən o, Kiyevə səfərini Almaniya, Polşa və Böyük Britaniya liderləri ilə birlikdə həyata keçirib.
E. Makron bildirib ki, Ukrayna paytaxtına üç əsas mesajla gəlib:
“Ədalətli və davamlı sülh tam və qeyd-şərtsiz atəşkəslə başlayır. Bu, ABŞ-la birlikdə irəli sürdüyümüz təklifdir. Ukrayna bu təklifi 11 martda qəbul etdi. Rusiya isə tərəddüd edir, şərtlər irəli sürür, vaxt uzadır və işğalçı müharibəsini davam etdirir”.
Onun sözlərinə görə, əgər Moskva sülh təşəbbüsünü əngəlləməyə davam edərsə, Avropa ölkələri ABŞ-la sıx koordinasiyada Rusiyaya təzyiqləri artıracaq.
Makron həmçinin, Trampın bu təşəbbüsə dəstək çağırışını da alqışladığını bildirib.
Qeyd edək ki, 10 mayda Ukrayna paytaxtına bir sıra xarici liderlər – Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşa Baş naziri Donald Tusk səfər ediblər.