"Hindistanın nəzarətində olan Kəşmir bölgəsində mülki şəxslərə qarşı hücumdan sonra iki ölkə – Hindistan və Pakistan arasında münasibətlər yenidən pik həddə çatıb. Qeyd etmək lazımdır ki, bu, 1999-cu il Kargil müharibəsindən sonra ilk dəfədir ki, bu miqyasda və intensivlikdə hərbi əməliyyatlar həyata keçirilir."
Politoloq Əhməd Şahidov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Artıq 20 günə yaxındır ki, iki ölkənin sərhədlərində, xüsusilə də Kəşmir bölgəsində toqquşmalar davam edir. Hindistan isə bu gərginliyi əsas gətirərək "İslam ovadlı davamçıları" hədəfə aldığını bildirir və "Sindor əməliyyatı" adlandırdığı hərbi kampaniyaya başladığını elan edib. Həmin əməliyyat çərçivəsində Pakistanın nəzarətində olan bölgələrə qarşı raket hücumları həyata keçirilib.
Hazırda iki ölkə arasında faktiki olaraq hibrid müharibə gedir. Hindistan sosial media, xəbər portalları və digər internet resurslarında saxta və manipulyativ məlumatlar yayaraq, guya Pakistanın hərbi bazalarının məhv edildiyini iddia edir. Lakin bu məlumatlar reallığı əks etdirmir. Əslində həmin hücumlar nəticəsində mülki əhali zərər görüb, ölən və yaralananlar var.
Cavab olaraq Pakistan da əks-hücum əməliyyatlarına başlayıb. Artıq Hindistana məxsus 5 hərbi təyyarə – 3 Fransa istehsalı olan "Rafale", 1 "MiG-29" və 1 "Su-30" qırıcısı məhv edilib. Bundan əlavə, Hindistan ordusuna məxsus 77 hərbi texnika və obyektin sıradan çıxarıldığı bildirilir."