"Putinin razılaşmadan imtina edəcəyi təqdirdə ABŞ və Avropa İttifaqı yeni sanksiyaların tətbiqini nəzərdə tutan plan hazırlayıb..."
ABŞ Rusiyaya iqtisadi təzyiqin artırılması üçün bir sıra variantlar hazırlayıb, lakin hələlik yekun qərarlar qəbul edilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Ağ Evin Rusiyanın Ukraynada başladığı müharibə ilə bağlı mövqeyi sərtləşib və indi Rusiya prezidenti Vladimir Putin sülhə nail olmaq üçün ciddi maneə kimi dəyərləndirilir.
"Məqalədə qeyd olunur ki, yüksək vəzifəli Avropa rəsmiləri Donald Tramp administrasiyası ilə Ukraynada 30 günlük atəşkəslə bağlı son ultimatum variantını müzakirə edir. Əgər Rusiya prezidenti Vladimir Putin bu təklifdən imtina etsə, razılaşma yeni sanksiyaların tətbiqini nəzərdə tutur", - nəşr yazır.
Planların hələ yekunlaşmadığı və ABŞ-ın mövqeyindən asılı olduğu bildirilir. ABŞ tərəfi qeyd-şərtsiz bir aylıq atəşkəs və tərəflərin birbaşa danışıqlara riayətinə görə məsuliyyət daşımasını tələb edir.
İkinci Dünya müharibəsindən bəri Avropada ən uzunmüddətli və qanlı münaqişənin başa çatdırılması ilə bağlı diplomatik fəallıq, ABŞ, Avropa və Ukrayna diplomatlarının, o cümlədən Londonda və Parisdə keçirilən bir sıra görüşlərindən sonra nəzərəçarpacaq dərəcədə artıb.
Agentliyin mənbələrinin məlumatına görə, Ağ Evin Ukraynadakı müharibə ilə bağlı mövqeyi sərtləşib, artıq Putin sülhə nail olmaq üçün ciddi maneə kimi qəbul olunur. Məlumata görə, Ağ Ev Rusiyaya iqtisadi təzyiqi gücləndirmək üçün bir neçə ssenari hazırlayıb, lakin hələlik konkret qərarlar verilməyib.
Rusiyaya təzyiqlərin artırılması
Daha öncə "Reuters" yazıb ki, Ukraynada atəşkəsin yaxın saatlarda və ya günlərdə elan olunması mümkündür. ABŞ və Avropa 30 günlük atəşkəs təklifinin hazırlanmasını başa çatdırır. Əgər Moskva bu təklifdən imtina etsə, Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunacaq.
Nəşrin mənbəsi bildirib ki, birtərəfli atəşkəs elan edilib-edilməməsi və ya sanksiyaların tətbiqindən öncə Rusiyaya qısa reaksiya müddəti verilməsi məsələsi hələ də müzakirə olunur. Hər iki tərəf sanksiyalar paketləri üzrə addımlarını koordinasiya edir.