Bu gün Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Heydər Əliyevin həyatı və siyasi karyerası epoxal hadisələrlə müşayiət olunub. 20-ci əsr istər dünya, istərsə də Azərbaycan tarixində böyük dəyişikliklər, qlobal siyasi təlatümlər dövrü kimi yadda qalıb. Heydər Əliyevin rolu və şəxsiyyəti daim bu proseslərin mərkəzində olub. Anadan olmasının 102-ci ildönümündə xalqımız tərəfindən dərin ehtiram və sevgi ilə yad edilən Ümummilli Lider Heydər Əliyevi ölkəmizin bütün ictimai-siyasi qüvvələri üçün böyük məktəb adlandıranlar heç də yanılmırlar. Çünki Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində məlum hadisələr nəticəsində "olum, ya ölüm" sualı qarşısında qalmış Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dirçəlişi üçün əlindən gələni etməklə bir ölkəyə, bir millətə necə xidmət etməyin möhtəşəm nümunəsini yaratdı.
Müasir tariximizin ən kritik mərhələsi sayılan həmin dövrdə Ulu Öndərin yürütdüyü xarici və daxili siyasət Azərbaycanın müstəqilliyinin dönməzliyinə və əbədiliyinə xidmət edirdi. Müstəqilliyimizin dönməz və əbədi olduğunu çıxışlarında tez-tez dilə gətirən Heydər Əliyev həmin illərdə Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında və məhz ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli edilməsini əsas missiyalardan biri hesab edirdi. O, eyni zamanda həm dövlətçiliyimizin möhkəmləndirilməsi, həm ordu quruculuğu, həm də iqtisadi böhranın aradan qaldırılması istiqamətində yorulmadan fəaliyyət göstərirdi. O dövrün canlı şahidləri kimi hamımız ölkədə hökm sürən ictimai-siyasi hərcmərcliyi, anarxiyanı, ərazi itkilərimizi, çörək növbələrini bu gün də yaxşı xatırlayırıq. Bir sözlə, Ayaz Mütəllibov və AXC-Müsavat cütlüyü özlərindən sonra ağır miras qoyub getmişdilər. Ölkədə acınacaqlı durum hökm sürürdü, Azərbaycan növbəti dəfə parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu, Azərbaycanın ən çətin, krtik günləri idi.
Həmin günlərdə bütün ümidlər, nəzərlər məhz Ulu Öndər Heydər Əliyevə dikilmişdi. Hər kəs onu böyük Xilaskar kimi qəbul edirdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o vaxtkı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hamını Azərbaycan naminə birləşməyə çağırdı. O, bəyan etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq, əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal uğrunda və Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir.
Siyasi qarşıdurmalar burulğanına düşmüş, bir-birinə zidd olan müxtəlif düşərgələrə, qütblərə parçalanmış toplumu bir araya gətirmək, vahid amal, eyni hədəf ətrafında birləşdirmək asan iş deyil və bunu bacarmaq heç də hər liderə qismət olmur. Bununçün gərək ümummilli lider keyfiyyətlərinə malik olasan, hamı tərəfindən birləşdirici şəxsiyyət kimi qəbul ediləsən. Bütün bu xüsusiyyətlər Heydər Əliyevdə cəmləşmişdi. Onun zəngin idarəçilik təcrübəsi, siyasi ustalığı və ən əsası isə Vətənə sonsuz sevgisi Azərbaycan dövlətini müstəqilliyinin bərpasının ilk illərində yaşadığı böyük təhlükələrdən, ağır faciələrdən xilas etdi.
Ulu Öndər həmin anda sözün böyük mənasında əsl Missioner, Xilaskar obrazında çıxış edirdi. Onun missiyası dövlətçiliyimizi qorumaq, ölkəmizi siyasi və iqtisadi böhrandan çıxarmaq, xalqımızı işıqlı gələcək naminə səfərbər etmək idi. Ulu Öndər həmişə bu sözləri deyirdi: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”. Bu, onun həyat kredosu idi. Məhz bu düşüncənin, bu amalın işığında da Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün yaranan təhlükəni aradan qaldırdı.
Ölkəmizi vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edən Ulu Öndərin sonrakı fəaliyyəti isə dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunmasına (dövlət müstəqilliyinin və suverenliyin siyasi və hüquqi əsaslarının yaradılmasına), iqtisadi islahatların aparılmasına, “Əsrin müqaviləsi”nin gerçəkləşdirilməsinə, ilk Konstitusiyanın qəbul edilməsinə yönəldi. Beləliklə, Heydər Əliyevin 1993-cü il iyunun 15-də parlamentin (o vaxtkı Ali Sovetin) sədri seçilməsi ilə başlayan növbəti 10 il Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələ kimi əhəmiyyətlidir.
1993-2003-cü illər ən yeni tariximizin ən taleyüklü mərhələsidir. Məhz həmin illərdə müharibə şəraitində olan bir ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik təmin olundu, dövlət idarəçiliyi mexanizmi və iqtisadi sistem yenidən quruldu, beynəlxalq əlaqələr dövlətin və xalqın ali məqsədlərinə uyğun şəkildə genişləndirildi, eləcə də digər həyati vacib məsələlər qısa zamanda həll edildi. Bütün bunlar Heydər Əliyevin ölkə və xalq qarşısında misilsiz xidmətləridir. 1993-cü ildən başlanan o böyük Yol 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın işğalına son qoydu, tarixi ədalət bərpa edildi. Prezident İlham Əliyevin 44 günlük müharibənin sonunda (2020-ci ilin 8 noyabrında) mədəniyyət beşiyimiz Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyini bəyan etməsi də məhz həmin o böyük Yolun məntiqi nəticəsi idi. Ona görə də bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Prezident İlham Əliyev Ulu Öndərin layiqli siyasi varisi kimi Azərbaycanı güclü və qalib ölkəyə çevirməyi bacardı. Bir Liderin Vətən, Millət naminə arzuları, hədəfləri gerçəkləşirsə, o, tarixdə əbədi iz qoyur və hər zaman ürəklərdə yaşayır. Ulu Öndər Heydər Əliyev də arzuları, ideyaları gerçəkləşən böyük Lider kimi daim ürəklərdə yaşayacaq, ehtiramla anılacaq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri