AZ

Nasist Barbi - 14 min yəhudinin qatili axırda Çe Gevara və Eskobarı da güdaza verib

II dünya müharibəsindən sonra nasist cinayətkarların heç də hamısı müttəhimlər kürsüsündə əyləşməyib. Əksəriyyəti olmasa da, bir çoxu hər hansı məsuliyyətdən yaxa qurtara bilib. 1945-ci ilin mayında bombalanmış Berlində nəhəng qaçqın axını arasında mülki geyimdə aradan çıxmaq o qədər də çətin olmayıb.

Üçüncü reyxin xəzinədarı Martin Bormanın və onunla birlikdə nasist partiyasının qızıllarının hara getdiyi hələ də açıqlanmayıb. “Gestapo” rəhbəri Henrix Müllerin taleyi də tam aydın deyil. Nasist işğalı zamanı Fransada Müllerin sağ əli olan Klaus Barbi də 1945-ci ilin yazında canını sağ-salamat qurtaranlardan biri olub.

“Lion qəssabı”

f323c03e-a0f5-4f4b-adf8-de7c04aa665f.jpeg

Trir şəhərində məktəbi bitirdikdən sonra Klaus Barbi 1934-cü ildə SS sıralarına qatılaraq, kapitan rütbəsinə bərabər olan hauptsturmfürer vəzifəsinə qədər yüksəlib. 1937-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına qoşulan gənc 1941-1942-ci illərdə Haaqadakı yəhudilərlə iş üzrə departamentin üzvü olub və Belçikada avstriyalı yazıçı Jan Amerini işgəncələrə məruz qoyub.

1942-ci ilin noyabrında alman qoşunları Fransanın cənubunu işğal etdikdən sonra Barbi Liondakı “gestapo” rəisi kimi polis və təhlükəsizlik xidmətlərinin IV bölməsinin rəhbərliyini öz üzərinə götürüb.
Barbi 1944-cü ilə qədər müqavimət hərəkatı üzvlərinin, o cümlədən Jan Mulenə işgəncə verilməsi və qətlinə görə məsuliyyət daşıyıb. O, həmçinin çoxsaylı başqa cinayətlərdə, o cümlədən Sen-Jeni-Lavaldakı qırğınlarda, “İzyö uşaqlarının” deportasiyasında, həmçinin Montlyuk həbsxanasında kütləvi güllələnmələrdə ittiham olunub. “Lion qəssabı” öz qurbanlarını asıb, güllələyib, meşədə diri-diri basdırıb.

857bfe05-b593-4520-9ca3-a0309d2329f0.jpeg

Xüsusilə uşaqlara işgəncə verməkdən, valideynlərini onların gözü qarşısında öldürməkdən həzz alıb.
Qeyd edək ki, II dünya müharibəsi zamanı İzyödə Sabine və Miron Zlatin tərəfindən təsis edilmiş yəhudi uşaqlar üçün uşaq evi olub. 1944-cü il aprelin 6-da “gestapo” uşaq evinin bütün sakinlərini həbs edib. 24 uşaq və 7 tərbiyəçi ölüm düşərgələrinə sürgün edilib. Düşərgədən yalnız bir uşaq və uşaq evinin rəhbəri Marina Zlatin sağ çıxıb. Barbi onlara qarşı son dərəcə qəddar davranıb. Müharibənin bitməsinə az qalmış nasist Almaniyaya köçüb.

Törətdiyi cinayətlərə görə Barbi 1947-ci ildə Fransada qiyabi ölüm cəzasına məhkum edilib. Elə həmin il Barbi Amerika məxfi xidmətinin agenti olub.

Çe Gevara və Eskobara qarşı işləyən müşavir

 0a5b888d-3757-44e5-8bd1-78a8e7cdf663.jpeg

14 min yəhudini şəxsən öldürən nasist 1947-ci ildə amerikalılarla əməkdaşlıq edib və dörd il Avropada ABŞ agenti kimi çalışaraq, müharibədən sonrakı Almaniyanın Fransanın nəzarətində olan hissəsində Fransız kəşfiyyatının fəaliyyətini izləyib. 1951-ci ildə ifşa edildikdən sonra o, Fransanın ədliyyə sistemindən yayınmaq üçün Cənubi Amerikaya qaçıb. Boliviyaya mühacirət edən Barbi Klaus Altman adı ilə bu ölkənin vətəndaşı olub.

1951-ci ilə qədər minlərlə nasist Cənubi Amerikaya göndərilib və onlar orada kommunizmə qarşı mübarizəni davam etdiriblər, ABŞ kəşfiyyat xidmətləri və yerli neonasist rejimlər üçün çalışıblar. 1964-cü ildən hakimiyyətə gələn general Rene Barrientos Ortunyonun komandanlığı altında mühüm vəzifə tutan Barbi ölkənin gələcək prezidenti Uqo Banzer Suaresin (1967-1969-cu illərdə prezidentliyə qədər

Vaşinqtonda hərbi attaşe olub) təhlükəsizlik üzrə müşaviri olub.
1980-81-ci illərdə o, millətçi prezident Luis Qarsia Mesanın da təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb. ABŞ agenti dövlət çevrilişləri ilə məşğul olub, kommunizm tərəfdarlarının hakimiyyətə gəlməsinə qarşı bütün üsullardan istifadə edib. Boliviyadakı inqilabi fəaliyyətləri zamanı Ernesto Çe Gevaraya qarşı mübarizədə Barbinin də əli olub. Kubada uğurlu inqilabdan sonra dövlət rəhbəri Fidel Kastronun Cənubi Amerikadakı müttəfiqlərin dəstəyinə ciddi ehtiyacı olub. Çe Gevara inanıb ki, Boliviyada hakimiyyətə gələcək kommunistlər Kubaya belə bir dəstək verəcək və inqilabın bütün qitədə yayılmasına kömək edəcəklər.

4b6c11a5-e9f0-4c0a-b97a-f6813df2059c.jpeg

Amerikalılar himayə etdikləri prezident Barrientosa kömək üçün bir neçə mütəxəssisi, o cümlədən Boliviya əsgərlərini Çe Gevaranın dəstəsini qarşılamağa hazırlamalı olan mayor Robert Şeltonu göndəriblər. Mayor Şeltonun partizanlarla mübarizə təcrübəsi olmadığı üçün Barbini də ona təhkim ediblər. O, amerikalı təlimatçılara fransız müqaviməti ilə mübarizə aparan geniş təcrübəsinə əsaslanaraq lazımi məsləhətlər verib.

Barbinin Boliviyadakı keçmiş köməkçisi Alvaro de Kastro deyib ki, keçmiş nasist Çe Gevaraya nifrət edib. Onun sözlərinə görə, Barbi dəfələrlə Çe Gevaraya qarşı sui-qəsd strategiyasını hazırlaması ilə öyünüb.
O, Boliviyada yaşadığı 20 il ərzində nasist diktator Huqo Banzerlə sıx əlaqələr qurub, onun kəşfiyyat xidmətlərini və məxfi polisini öyrədib. Eyni zamanda, sonradan ona xəyanət etsə də, Banzerin taxtdan devrilməməsi üçün əlindən gələni edib. Boliviya cəmiyyətində Barbi o qədər nüfuzlu və vacib olub ki, heç yerə mühafizəçisiz getməyib. Ancaq belə bir həyat ona qonşu Kolumbiyadakı narkotik kartelləri, xüsusən də Pablo Eskobarla əlaqə yaratmağa mane olmayıb.

e1e7cb41-74aa-4d12-a99e-11c1637e084f.jpeg

Klausu narkotik dünyasına boliviyalı general Luis Qarsia Tehada gətirib. Onlar koka yarpaqlarının və ondan hazır məhsulların tədarükünü təşkil ediblər, 1980-1981-ci illərdə Boliviyada hərbi çevriliş və hakimiyyətin ələ keçirilməsini planlaşdırıblar. Generalın hərbçiləri “qoruyucu” kimi çıxış edib, Klaus isə beyin olub. Bütün hallarda bu “əməkdaşlıqda” da xainlik edən nasist olub və Pablo barədə bütün məlumatları müvafiq şəxslərə ötürüb.

Barbinin ifşası

Məxfi xidmətlər 1971-ci ildə Klaus Barbinin kimliyini tapıb ifşa etməyə müvəffəq olublar. 1972-ci ildə ondan müsahibə alan jurnalistlər bu işdə onlara kömək ediblər. Klaus müxbirə onu başqası ilə səhv saldığını desə də, amma artıq gec olub.

df48405c-af93-41fe-a333-388367f2086c.jpeg

Fransızlar Barbinin vərdişləri, sevimli yerləri və hərəkətləri haqqında öyrənə biliblər. Onlar Boliviyadan “Lion qəssabı”nın ekstradisiyasını istəsələr də, Huqo Banzer bundan imtina edib. Hətta himayədarına 12 əsgərdən ibarət 24 saatlıq mühafizəçi təyin edib. Luis Qarsia Tehada hakimiyyəti ələ keçirdikdən sonra Barbi üçün yenə də təhlükəli vəziyyət yaranmayıb. Lakin yeni prezidentin fəaliyyəti hamının xoşuna gəlmədiyi üçün Boliviyada növbəti çevriliş baş verib və nasistlərin əleyhdarları hakimiyyətə gəliblər.

Klaus 1983-cü ildə həbs olunub və mühakimə olunmaq üçün Fransaya göndərilib. Məhkəmədə Barbinin özbaşına olmadığı məlum olub. Buna görə, Amerika kəşfiyyat xidmətləri rəsmi olaraq üzr istəyib. Nasistə bütün cinayətləri xatırladılıb və o, ömürlük həbs cəzasına məhkum edilib. Klaus Barbi ömrünün yalnız dörd ilini dəmir barmaqlıqlar arxasında keçirib və xərçəng xəstəliyindən ölüb. O, son nəfəsinə qədər günahsız olduğunu sübut etməyə çalışıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Seçilən
0
musavat.com

1Mənbələr