AZ

Hindistan-Pakistan gərginliyi artır

BAKI, TurkicWorld

Hindistan Pəncab əyalətinə altı raket atıb.

TurkicWorld xəbər verir ki, Pakistan ordusu Hindistanın Pəncab əyalətinə altı ballistik raket atdığını və onlardan beşinin Amritsar şəhərinə düşdüyünü bildirib.

Bu barədə məlumatı Pakistan Ordusu İctimai Əlaqələr Departamentinin (ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri verib.

Çaudrinin sözlərinə görə, raketlər Hindistanın Adampur kəndindən buraxılıb. Onlardan biri Adampur ərazisinə düşsə də, beşi Pakistanın Pəncab əyalətində yerləşən Amritsar şəhərini hədəfə alıb. O, Hindistanın ölkədəki siqh icmasını hədəf aldığını iddia edərək bunu "terrora bərabər akt" adlandırıb və pislədiklərini qeyd edib.

Pakistan ordusunun brifinqində bildirilir ki, Hindistan raketləri, həmçinin İslamabaddakı Nur Xan Hərbi Hava Bazasını, Çakval rayonundakı Mureed Hava Bazasını və Şorkot Hava Bazasını da hədəf alıb. Lakin açıqlamaya görə, Pakistan Hərbi Hava Qüvvələri zərər görməyib.

General Çaudri Hindistana qarşılıq veriləcəyini bildirib. Hindistan tərəfi hələlik məsələyə dair rəsmi açıqlama yaymayıb.

Bu arada, Hindistan mediası Pakistanın Ravalpindi və Lahor şəhərlərində partlayışların baş verdiyini bildirib.

Qeyd edək ki, Hindistan mayın 6-da Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsi də daxil olmaqla, Pakistan ərazisinə raket hücumları həyata keçirib. Bu, aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq edilib. Hindistan ordusu “terror strukturları”na qarşı 9 hədəfi vurduğunu açıqlayıb. Lakin Pakistan rəhbərliyi hücumlarda 6 mülki obyektin vurulduğunu, 33 nəfərin öldüyünü və 62 nəfərin yaralandığını bildirib. Həmçinin, Pakistan ordusu 5 Hindistan döyüş təyyarəsinin vurulduğunu iddia edib, lakin Hindistan bu məlumatı təsdiqləməyib.

Seçilən
0
turkic.world

1Mənbələr