Pakistan bu gün səhər tezdən Hindistana qarşı hərbi əməliyyata başladığını və Hindistanın şimalındakı raket anbarı da daxil olmaqla bir neçə bazanı hədəf aldığını bildirib. Bu fikirlər "Reuters"də dərc olunan məqalədəndir.
Nəşr yazır ki, Pakistan onu da bəyan edib ki, hücumdan əvvəl Hindistan paytaxt İslamabad yaxınlığı da daxil olmaqla üç hava bazasına raket zərbələri endirib. Lakin Pakistan hava hücumundan müdafiə qüvvələri onların əksəriyyətini vurub.
"Beas bölgəsində "BrahMos" raket anbarı məhv edilib",- Pakistan ordusunun rəsmiləri bildirib. Onlar Hindistanın qərbindəki Pəncab əyalətindəki Pathankot aerodromuna və Kəşmirdəki Udhampur hava bazasına da hücum edildiyini bildirib. Pakistanın informasiya naziri sosial mediada hərbi əməliyyatın “Bunyan-un- Marsus" adlandırıldığını bildirib. Bu termin Qurandan götürülüb və möhkəm, vahid quruluş deməkdir.
Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural