"Yuventus" hücum xəttini gücləndirmək üçün "Napoli"nin forvardı Viktor Osimhenin transferinə ciddi maraq göstərir.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı məlumata görə, Turin təmsilçisi nigeriyalı futbolçunun keçidi üçün bonuslar daxil olmaqla 85 milyon avro təklif etməyə hazırdır. Osimhenin müqaviləsində 75 milyon avro dəyərində sərbəst qalma maddəsi mövcuddur, lakin bu şərt yalnız İtaliya xaricindən olan klublar üçün keçərlidir.
Futbolçu ilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da maraqlanır. Ərəb klubu Osimhenə hər mövsüm üçün 30-35 milyon avro maaş təklif etməyə hazırdır. Hazırda 26 yaşlı hücumçu “Napoli”də ildə təxminən 11 milyon avro qazanır.
Ötən yay Osimhen "Qalatasaray"a icarə əsasında keçib. Bu mövsüm hücumçu bütün turnirlərdə 37 matçda iştirak edib, 33 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.