"Bunlar ad, dil və söz, geyim seçimləri ilə bağlı olan ipuclarıdır..."
Yeni Roma Papası papalığın xarakteri ilə bağlı üç mühüm ipucu verib. Bu ipuclarına əsasən, onun papalığı ötən ay vəfat etmiş Roma Papası Fransiskin dövründən fərqlənəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müqəddəs Pyotr kafedralının eyvanına çıxdığı ilk dəqiqələrdən XIV Lev papalığın necə olacağı barədə üç mühüm işarə verib.
"Reuters" yazır ki, Lev tərəfindən verilən ilk ipucu onun ad seçimi olub. Məsələ ondadır ki, Papalar tez-tez bu seçimi papalıqlarının prioritetləri barədə ilk mühüm siqnal göndərmək üçün istifadə edir.
Nəşr qeyd edir ki, Fransisk XIII əsrdə yaşayıb, var-dövləti rədd edib və kasıblara yardım edən Assisili Müqəddəs Fransiskin adını götürüb. Sonuncu dəfə "Lev" adını götürən Papa XIII Lev olub. O, 1878–1903-cü illərdəki papalığı zəhmətkeşlərin hüquqlarının müdafiəsinə həsr edib. "XIV Lev adını seçməklə o, kilsənin sosial təliminə sadiqliyini göstərib", - şərhçi Tomas Riz deyib.
Lev tərəfindən verilən ikinci ipucu onun dil və söz seçimində özünü göstərib, bu da sülhə ehtiyacın vurğulanması olub. Müqəddəs Pyotr meydanında toplaşan inanclılar qarşısında etdiyi çıxışların heç biri ingilis dilində olmayıb, əvəzində, o, papalıq dili olan italyanca danışıb və Perudakı keçmiş icmasını salamlamaq üçün qısa şəkildə ispanca müraciət edib. ABŞ barədə isə heç nə deməyib.
"La pace sia con tutti voi!" ("Sülh sizinlə olsun!") - yeni Papanın ictimaiyyət qarşısındakı ilk sözləri bu olub. Bu ifadə katoliklərin bayramlarda işlətdiyi salamlaşmanı xatırlatsa da, nəşrin qeyd etdiyi kimi, eyni zamanda müharibələrlə parçalanmış dünyaya ünvanlanmış birbaşa sülh mesajıdır. Yeni Papa Allahın sülhünü bölüşmək istədiyini söyləyib və onu "silahsız və silahı yerə qoyduran sülh" kimi xarakterizə edib, bu isə "təvazökar və dözümlü" bir sülhdür.
XIV Levdən gələn üçüncü ipucu isə onun geyim seçimi ilə bağlı olub. 2013-cü ildə seçildiyi ilk gündən etibarən papalıq atributlarından imtina edən Fransiskdən fərqli olaraq, Lev ağ əba üzərinə ənənəvi qırmızı papa geyimini geyib. Beləliklə, o, yeni və tamamilə fərqli Papa olduğunu göstərmiş olub.
Roma Papasının seçilməsi
Dünən axşam Vatikanın konklavı yeni Roma Papasını seçib, Sikstin kapellasının damındakı borudan qalxan ağ tüstü bu seçimi rəsmi olaraq elan edib. Kardinallar namizədlərdən birinə üçdə ikidən çox səs verib.