Bakı, 9 may, AZƏRTAC
Dünya birliyinin layiqli üzvünə çevrilən Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası getdikcə dərinləşir, inkişaf etmiş ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq genişlənir. Respublikamızda həyata keçirilən qlobal enerji layihələri, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzinə çevrilməsi bu prosesi daha da sürətləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
O bildirib ki, son illər iqtisadi sahədə əldə olunmuş yüksək göstəricilər, enerji layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ən nüfuzlu dövlətləri üçün etibarlı tərəfdaşa çevirib. Bunun nəticəsidir ki, Şərqlə Qərb arasındakı logistik xətlər üzərində müstəsna mövqeyə malik olan respublikamız bu gün Cənub-şərqi Asiya ölkələri üçün önəmli aktora çevrilib.
“2025-ci il mayın 6-da Prezident İlham Əliyevin Vyetnamın dövlət informasiya agentliyi “Vietnam News Agency”ə verdiyi müsahibə, eyni zamanda, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə ilk rəsmi səfəri Azərbaycanla Vyetnam arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasından xəbər verir. Prezident İlham Əliyevin agentliyinə müsahibəsində dediyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında vacib mərhələ kimi qiymətləndirmək olar. Səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək”, - deyə A.Məmmədov vurğulayıb.
Deputat qeyd edib ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın imzalanması iki ölkə münasibətlərinin tarixində yeni dövrün başlanğıcı oldu. Baş katibin əminliklə söylədiyi kimi, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq. Birgə Bəyanatda partiya, dövlət, parlament kimi bütün səviyyələrdə əlaqələri və təmasları, hökumətlərarası komissiya vasitəsilə iqtisadi əməkdaşlığı fəallaşdırmaq kimi mühüm məqamlar öz əksini tapıb. Bundan başqa, birgə bəyanatda müdafiə, təhlükəsizlik, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə, habelə mədəniyyət, idman və turizm, təhsil, sahələrində münasibətlərimizi inkişaf etdirmək nəzərdə tutulub ki, bu da əməkdaşlığı genişləndirmək üçün çox böyük imkanlar açır.
İki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın əhəmiyyətini qeyd edən deputat enerji sahəsində zəngin təcrübəyə malik Azərbaycanın son illərdə həm də yaşıl enerji mənbələrinin inkişafına strateji yanaşma nümayiş etdirdiyini deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz 2030-cu ilə qədər bərpaolunan enerji istehsalının ümumi enerji balansında əhəmiyyətli yer tutmasına nail olmağı qarşıya məqsəd qoyub. Bu kontekstdə Vyetnamla əməkdaşlıq geniş imkanlar vəd edir.
Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır”.
Anar Məmmədovun sözlərinə görə, iki ölkə arasında formalaşan strateji dostluq münasibətləri mövcud olan əməkdaşlığın uzunmüddətli perspektivini əks etdirir. İki ölkə liderinin siyasi iradəsi, liderlər arasında etimada əsaslanan dostluq münasibətləri sayəsində əlaqələrin yeni mərhələyə keçməsini deməyə imkan verir.