Azərbaycanın Vyetnamla strateji tərəfdaşlıqdan qazana biləcəyi potensial faydalar çoxşaxəlidir.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya regionu üzrə eksperti Vüsal Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə ikitərəfli münasibətlərdə yeni bir dövr açır:
“Siyasi müstəvidə bu, ortaq prinsip və məqsədlərə əsaslanan müttəfiqliyin rəsmiləşdirilməsidir. İqtisadi sahədə qarşılıqlı faydalı layihələr və ticarətin şaxələndirilməsi üçün bir yol xəritəsidir. Humanitar planda isə xalqları yaxınlaşdıran, tarixi dostluğu yeni nəsillərə daşıyan bir körpüdür. Əgər əldə olunmuş razılaşmalar ardıcıllıqla həyata keçirilərsə, Azərbaycan-Vyetnam əməkdaşlığı müxtəlif mədəniyyət və iqtisadi modelləri birləşdirən uğurlu bir strateji tərəfdaşlıq nümunəsi olacaq”.
Ekspert hesab edir ki, bu nümunə qlobal çağırışlar fonunda Azərbaycanın həm Asiya, həm də Avropa ilə inteqrasiya olunmuş inkişaf strategiyasına töhfə verməklə onun beynəlxalq arenada mövqelərini daha da gücləndirəcək:
“Bu strateji tərəfdaşlıqdan Azərbaycanın qazana biləcəyi potensial faydalar çoxşaxəlidir. Azərbaycan iqtisadiyyatı üçün yeni bazarlara çıxış imkanı yaranır. Azərbaycan şirkətləri üçün Vyetnam kimi böyük bir bazara investisiya qoymaq və ya məhsul ixrac etmək imkanları strateji tərəfdaşlıq hesabına asanlaşa bilər. Xüsusilə neft-kimya, kənd təsərrüfatı və xidmət sektorunda Azərbaycan məhsullarının və şirkətlərinin Vyetnamda rəqabət aparmaq şansı arta bilər. Eyni zamanda, Vyetnam istehsalı olan rəqabətqabiliyyətli istehlak mallarının (telefon, elektronika, məişət texnikası və s.) Azərbaycana idxalı genişlənə bilər ki, bu da yerli bazarda seçim imkanlarını artıracaq”.
V.Quliyev vurğulayıb ki, səfər zamanı imzalanan sənədlərə əsasən, investisiya baxımından ikitərəfli sərmayə axını gözlənilir:
“Vyetnamın bəzi şirkətləri artıq Azərbaycanı Mərkəzi Asiya və Yaxın Şərq bölgəsinə çıxış nöqtəsi kimi görür. Məsələn, logistika və emal sənayesində Vyetnam investorları Azərbaycanda mövcud iqtisadi zonalara maraq göstərə bilərlər. Bu cür investisiyalar Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verər, yeni iş yerləri yaradar. Azərbaycan isə Vyetnamda neft emalı və ya bərpa olunan enerji layihələrində iştirakı ilə yeni yaranmış bu əməkdaşlıq formatına öz dəstəyini verə bilər. Ümumən, strateji tərəfdaşlıq xarici sərmayənin cəlb edilməsi baxımından Azərbaycana əlavə kommersiya kanalları yaradır”.
Müsahib diqqətə çatdırıb ki, strateji yaxınlaşmanın geosiyasi və beynəlxalq təsirləri də mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan üçün Vyetnam Cənub-Şərqi Asiyada etibarlı bir tərəfdaş rolunu oynaya, Azərbaycanın dinamik iqtisadiyyata malik region ölkələri ilə diplomatik və kommersiya təmaslarının güclənməsinə kömək edə bilər. Həmçinin Azərbaycan da Vyetnamın Mərkəzi Asiya, Cənubi Qafqaz və ümumən Şərqi Avropa regionunda çoxtərəfli əlaqələrinin genişlənməsinə vacib aktor kimi çıxış edə bilər. Bu o deməkdir ki, Bakı və Hanoy regional inteqrasiya məsələsində bir-birinə arxa durma potensialına malikdir”.
Həmsöhbətimiz onu da qeyd edib ki, strateji tərəfdaşlığın uğurlu olması Azərbaycanın dünyaya mesajıdır ki, o, coğrafi uzaqlıqdan asılı olmayaraq hər bir ölkə ilə qarşılıqlı faydalı əməkdaşlıq qura bilir.