Əli azərbaycanlıların qanına batan Köçəryan və Sarkisyanın hələ də azadlıqda olması suallar doğurur. Azərbaycan tərəfi onların işğalçılıq və soyqırımı cinayətlərinə görə beynəlxalq müstəvidə mühakimə olunmasını tələb edir. Ekspertlərə görə, bu məsələ Paşinyan üçün həm daxili, həm də regional siyasi fürsətə çevrilə bilər.
Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışında bildirib ki, ölkə vətəndaşları ona daim eyni sualla müraciət edirlər: “Robert Köçəryan və Serj Sarkisyan niyə hələ də azadlıqdadır?” Müxalif deputatların bu məsələni hökumətə qarşı təzyiq vasitəsinə çevirməsinə cavab olaraq, Paşinyan kobud ifadə ilə “ara, gedin sakitləşin” deyərək onların ittihamlarını rədd edib. Baş nazir əlavə edib ki, insanları siyasi rəhbərlik yox, müvafiq hüquq-mühafizə orqanları həbs edir.
Bu açıqlama bir daha göstərir ki, əli azərbaycanlıların qanına bulaşmış, Xocalı soyqırımı və Qarabağ müharibəsi dövründə çoxsaylı hərbi cinayətlərdə ittiham olunan Köçəryan və Sarkisyanın məsuliyyətə cəlb olunması təkcə Azərbaycanın deyil, artıq Ermənistanın öz ictimai rəyində də aktual məsələ olaraq qalır.
Paşinyan cinayətkarları Azərbaycana təhvil verəcək?
Modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirib ki, bu məsələ, əslində, Paşinyan tərəfindən bilərəkdən gündəmə gətirilir:
“Onların müəyyən dərəcədə törətdikləri əməllərə görə cəzalandırılacağını xatırladır. Bu onun Ermənistandaxili siyasətində olduqca önəmli addımdır. Çünki onun əsas alternativi məhz bu cinahdır. Amma bütün hallarda Erməni cəmiyyətində Köçəryanla Sarkisyanın gücü kifayət qədər olsa, çoxdan revanş götürmüş olardılar. 44 günlük müharibədə məğlubiyyətdən sonra indiki haimiyyətin də mövqeləri zəifləmişdi. Amma bunu etmək çox çətiniydi və mümkün olmadı”.
“Bu baxımdan problemlə kəskinliyini qoruyur. Bizim üçün gələcəkdə onların hər hansı formada mühakiməsi baş tutarsa, bizim üçün olduqca önəmli hadisə olar. Bizim cəmiyyətimizn, insanlarımızın, şəhidlərimizin qisası alınar,-Fazil Mustafa deyib.
Politoloq Elxan Şahinoğlu isə söyləyib ki, Azərbaycan torpaqlarının işğalında, soyqırımılarında, qətliamlarda erməni seperatçılarının həbsini hər zaman tələb etməliyik:
“Onlar ayaqlarının altında od-alov hiss etməlidirlər. Təsadüfi deyil ki, Köçəryan və Sarkisyan bir çox ölkəyə səfər edə bilmirlər. Moskvaya gizli səfərlər edə bilərlər. Amma digər bir çox xarici ölkəyə səfər etsələr, onları hava limanından saxlaya bilərlər. Çünki Azərbaycan İnterpola müraciət edib. Azərbyacan İnterpolun üzvüdür. Bu o demək deyil ki, onları hava limanından saxlasalar, tutub Azərbaycana təhvil verəcəklər. Özləri də bilirlər ki, Azərbaycan onları beynəlxalq axtarışa verib”.
Bəli, bizim hədəfimiz bu cinayətkarları həbs etmək olmalıdır. İndi məhkəmə gedir, digər cinayətkarlar Azərbaycanın məhkəməsi qarşısında mühakimə edilir. Qaçıb Ermənistanda gizlənən Köçəryanlar, Sarkisyanlar, onların əlaltıları da cavab verməlidir. Çünki separatçılığın alovlandırılmasında, erməniləri soyqırıma təşviq etməkdə fəal iştirak ediblər. Bunlar da Bakıda məhkəmə zalında oturmalıdırlar. Biz buna çalışmalıyıq”.
“Bunu Paşinyandan tələb etmək olar”
“Bunu bəlkə, Paşinyandan da tələb etmək olar.Əslində bunun Paşinyan üçün də müsbət tərəfi olar ki, canı bu qatı separatçılardan xilas olar. Paşinyan indi Bakıda məhkəməsi keçirilənləri dəstəkləmir ki. O da deyir ki, bunlar cinayətkardır. Bu məsələdə Paşinyan əslində Azərbaycana kömək edə bilər. Bunu etsə, bəli, Paşinyanla dialoqumuz daha da genişlənə bilər”, - Elxan Şahinoğlu deyib.