"Hindistanın atacağı növbəti addım həlledici olacaq"
Hərbi ekspert, polkovnik Şair Ramaldanov bu sözləri News365.az-a deyib.
Mənə elə gəlir ki, bu vasitəçilik təklifi mümkündür. Prinsip etibarilə, böyük dövlətlərin hamısı bu münaqişə ilə bağlı öz mövqelərini bildiriblər və münaqişəni dayandırmaq üçün iştiraklarını təklif ediblər. Sadəcə olaraq, Tramp bunu birbaşa öz dilindən səsləndirdi, digər böyük dövlətlər isə adətən Xarici İşlər Nazirlikləri vasitəsilə münasibət bildirirlər.
Hər halda, yaxın günlərdə Hindistanın məsələyə hansı reaksiya verəcəyini görəcəyik. Pakistanın mövqeyi isə artıq aydındır. O, istənilən vasitəçini qəbul etməyə hazırdır, çünki bu məsələdə əsas maraqlı tərəf deyil. Əsas tərəf Hindistandır. Sual budur: Hindistan burada tək maraqlı tərəf kimi çıxış edəcək, yoxsa bu addımı atmaqdan imtina edəcək? Bəlkə də Hindistanın vasitəçilikdən imtinasında digər güclərin təsiri də rol oynaya bilər. Bunu da istisna etmirəm.
Bu baxımdan düşünürəm ki, bugünkü geosiyasi reallıqda hər hansı bir ölkənin təkbaşına qərar qəbul etməsi və bu qərarın əsas kimi təqdim olunması çətindir. Xüsusilə də reallığı qəbul etmək istəməyən, münaqişənin səbəblərinə göz yuman və "yalnız mən qərar verirəm, yalnız mən haqlıyam" yanaşması ilə çıxış edən dövlətlər üçün.
Bu səbəbdən də, Hindistanın növbəti addımlarını gözləmək lazımdır. Onun bu məsələdə hansı istiqamətə yönələcəyi vəziyyətin gələcək inkişafı üçün həlledici ola bilər."- deyə fikirlərini bildirib.