“Konsertə gedənə qədər Mətanət xanımla danışmışam. Qızımın saç düzümünə qədər onunla məsləhətləşmişəm. Mənə demişdi ki, “toppuz” yığdırarsan. Salonda elə yığdırdım, uşaq narahat oldu. Sonra yenidən ona yığıb danışmışam. Uşaqların geyimindən tutmuş ayaqqabısına qədər məsləhətləşmişik. Saytlar elə qələmə verirlər ki, guya mən Mətanət xanımla düşmənəm. Elə bir şey yoxdur. Mənim övladlarım oradadır, illərimi vermişəm, o ailənin qadını olmuşam. Necə ola bilərdi ki, getməyim? Vallah konsertə getməsəydim onu da söz edəcəkdilər. Getmişəm, yazırlar ki, Mətanət xanım Canananın hədiyyəsini bəyənmədi. Həmin portreti Mətanət xanıma oğlum təqdim etdi. Mən özüm də səhnə adamıyam, insan səhnədə olanda gözü ətrafı görmür. Ola bilsin ki, diqqətsiz davranışı bununla bağlıdır”
Bunu Moderator.az-a açıqlamasında müğənni Canana deyib. O daha sonra əlavə edib:
“Mənim arxamda Mətanət xanımın anası Həqiqət nənə oturmuşdu. Bütün nəsil-kök orada idi, hamı ilə də görüşdüm, hamısı da məni çox istəyir. Konsert qalıb kənarda, Canana mövzusunu qabardırlar. Mətanət xanım mənə ev alıb. Onun aldığı evdə yaşayıram. Uşaqlarıma Mətanət xanım baxır, biz bir yerdə hər şeyi edirik. Zəngləşirik, danışırıq. Bizim münasibətimiz belədir. Mətanət xanım da bu söz-söhbətlərdən bezdiyi üçün ictimaiyyət arasında mənimlə danışmır, əlaqə yaratmır. Adi həyatda biz mehribanıq, bir yerdəyik. Niyə aramızı vurmaq istəyirlərsə bunu bilmirəm? Tarix Əliyevdən heç vaxt gözləməzdim, amma onun instaqramda mənim üçün yazdığı rəyləri oxuyanda məyus oldum. O yazmışdı ki, “Canana konsertə reklama gəlib, uşaqlarının yanında oturmayıb, ona uşaq-falan maraqlı deyil, ev davası döyür”. Özünə yığdım telefonu götürmədi. Sən bilmədiyin bir şeyi necə orada yazıb, məni pisləyə bilərsən? Başqa vaxt yaxşı idim, indi nə oldu? Nə oldu ki, 180 dərəcə dəyişdin? Mətanət xanım dəvətnamə yollamışdı ona görə? Mətanət xanım mənə dəvətnamə verməyib, 145 manat verib özümə və vizajistimə bilet almışam. Hətta oğluma dedim ki, evdə bilet olsa pulu elə sənə verərəm, götürərsən. Təəssüf ki, biletləri almışdılar deyə qalmamışdı. Evdə övladlarıma aylarla dərs deyən müəllimlər var idi ki, onlara belə bilet verə bilmədik” deyə Mətanət İsgəndərlinin keçmiş gəlini Canana bildirib.