BAKI, 8 may. TELEQRAF
Fransanın PSJ klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya yaxın gələcəkdə Avropanın ən yaxşı futbolçusu adına əsas namizədlərdən biri ola bilər.
Teleqraf xəbər verir ki, bunu "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin “Championat.com”a müsahibəsində deyib.
78 yaşlı rusiyalı mütəxəssis İtaliyanın “Napoli” klubunda parlaq çıxışı ilə diqqət çəkdikdən sonra bu qış PSJ-yə transfer olunan 24 yaşlı hücumçu barədə müsbət fikirlər səsləndirib.
“Məncə, Xviça hərtərəfli inkişaf edib. Hər bir baş məşqçi onun oyununa müəyyən dəyişikliklər edib və o, bütün tapşırıqları yerinə yetirib. Antonio Kontenin rəhbərliyi altında fiziki baxımdan daha güclü oldu, Luçano Spalletti ilə isə taktika və texnika baxımından irəlilədi. O, dayanmaq bilmir və hər il daha da yaxşılaşır. Mən istisna etmirəm ki, yaxın illərdə Avropanın ən yaxşı futbolçusu adına namizəd olacaq”, – deyə Syomin bildirib.
Qeyd edək ki, Yuri Syomin "Qəbələ"də 2013-cü il mayından 2014-cü il mayınadək çalışıb.