“Rəhbərliklə müəyyən danışıqlarımız olub. Lakin hələ ki, yekun qərar qəbul etməmişəm”.
“Şamaxı”nın almaniyalı hücumçusu Leroy Corc Sportinfo.az-a açıqlamasında hazırkı komandasında gələcək taleyi barədə danışıb.
Bölgə təmsilçisinin Premyer Liqadakı yerini qorumasında əsas pay sahiblərindən olan almaniyalı vingerin bölgə təmsilçisində qalıb-qalmayacağı dəqiq deyil.
Baş məşqçi Ayxan Abbasov Leroyu azı bir il sərəncamında görməkdə maraqlı olsa da, futbolçu digər təklifləri də gözdən keçirmək istəyir. Məhz buna görə də qərar verməkdə tələsmir.
Mikels seçəcəyi klubun hədəflərinin vacib olduğunu gizlətməyib:
“Bu barədə agentimlə söhbətim olub. Mövsümün başa çatmasına üç həftə var. Ona görə də tələsmək istəmirəm. Bu gün üçün hansısa yenilik yoxdur.
Azərbaycanda özümü çox-çox xoşbəxt hiss edirəm. Karyeramı burada davam etdirmək pis olmaz.
Ancaq futbol həyatı elədir ki, sabah nə baş verəcəyini bilmirsən. Bəlkə də imtina edə bilməyəcəyim təkli gələcək və qərarımı dəyişməli olacam.
Hər bir insan üçün işin maddi tərəfləri vacibdir. Lakin bundan da vacib olan klubun layihəsi və hədəfləridir. Müqavilə bağlayacağım klubun məqsədləri mənim üçün çox vacibdir”.
29 yaşlı futbolçu cari mövsümdə “Şamaxı”nın heyətində meydana çıxdığı 22 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB