İngiltərə yığmasının keçmiş futbolçusu, dünya ulduzu Devid Bekhem vətənində klub sahibi olub.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı sabiq yarımmüdafiəçi vaxtilə "Mançester Yunayted"də birgə oynadığı Hari Nevillə birgə İngiltərə IV divizionunda mübarizə aparan "Solford Siti"nin səhmlərinə sahib çıxıb.

"Mən Solfordda böyümüşəm. Orada yaşadığım dövrlə bağlı xoş xatirələrim qalıb. Bu məkan və onun sakinləri mənim futbolçu karyeramda vacib rol oynayıblar. "Solford Siti" mənim ürəyimdə özünə yer tapıb. Klubun böyük tarixi var və mən bu tarixin növbəti hissəsinə çevrildiyimə görə şadam", - deyə D.Bekhem bildirib.

"Solford Siti"nin bundan əvvəlki səhmdarı klubu tərk etdikdən sonra Bekhem və Nevill bir neçə ay ərzində investor partnyorlar axtarıblar. 

Nəticədə onlar Amerikanın qabaqcıl konsaltinq firmalarından olan "Consello"nun təsisçisi Deklan Kelli və lord Mervin Devislə anlaşıblar.

Hər 4 şəxs "Solford Siti"nin Direktorlar Şurasının həmsədrləri olacaqlar.