Elmin Nuri: “Qabiliyyət əsaslı imtahanlarda abituriyenti çox sıxmağa ehtiyac yoxdur”
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-2026-cı tədris ili üçün idman istiqaməti üzrə xüsüsi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri təqdim edilib. Abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı müvafiq şərtləri ödədiyi halda onlar qabiliyyət imtahanlarına buraxılırlar.
Beləliklə, qabiliyyət imtahanlarına buraxılmaq üçün tələb olunan bal limiti 10 bal artırılıb. Qabiliyyət imtahanına buraxılmaq üçün tələb olunan balın 10 bal artırılması narazılığa səbəb olub. Narazıların fikrincə, bu artım imtahana bir neçə gün qalmış açıqlanması düzgün deyil.
“Xüsusi istedada malik gəncləri test imtahanından azad etmək lazımdır, onlara daha yaxşı şərait yaratmaq lazımdır, nəinki qabağına sədd çəkmək”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qabiliyyət əsaslı imtahanlarda abituriyenti çox sıxmağa ehtiyac yoxdur: “Hazırda qabiliyyət əsaslı imtahanlarda öhdəliklər digər qruplarla müqayisədə çox deyil. Adi ixtisas qruplarına baxanda bu bal həddindən artıq rahat görünür. Ancaq məsələnin digər tərəfi də odur ki, idman, mədəniyyət, memarlıq, teatr, kino, musiqi sənəti istiqamətində əsas güc qabiliyyətə verilməlidir. Nəzərə almaq lazımdır ki, qeyd etdiyim ixtisaslarda təhsil almaq istəyənlər adətən istedadlı gənclər olur. Bir insanın idman uğurları bizə daha çox lazım olacaqsa, musiqi də yüksəliş gözlənilirsə, biz onlardan qabiliyyət imtahanlarının nəticəsini daha çox istəməliyik, nəinki test suallarının cavabını. Məlumat üçün deyim ki, qabiliyyət tələb edən istiqamətlərdə test imtahanı limit xarekteri daşıyır. Hesab edirəm ki, 10 bal artmaqdansa 10 azalması daha məqbuldur. Heç olmasa bal limitini olduğu kimi saxlayardılar. Biz peşəkar idmançını test imtahanına yönləndirə bilmərik, bu uğurlu olmaz. Bu qayda bütün qabliyyət tələb edən sahələrə aiddir. İstedadlı insanları incitmək lazım deyil. Mən təklif edirəm ki, xüsusi istedada malik gənclər test imtahanından azad edilsin. Onlara şərait yaratmaq lazımdır, nəinki qabağına sədd çəkmək”.
Günel CƏLİLOVA