İran prezidentinin Azərbaycana səfəri, şübhəsiz ki, müsbət bir addımdır və iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Məsud Pezeşkian Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən səmimi şəkildə qarşılandı. Pezeşkianın öz təəssüratlarından da göründüyü kimi, görüşlər və ümumilikdə səfər müsbət atmosferdə keçdi.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Kazım Kazımov söyləyib.
Təbii ki, bu səfərlə Azərbaycan və İran arasında bütün problemlərin tamamilə həll olunduğunu söyləmək düzgün olmazdı və heç bir tərəf də bu iddia ilə çıxış etməyib. Xüsusilə Qarabağ zəfərindən sonra İranda bəzi dairələrdə, hətta yüksək səviyyəli şəxslər tərəfindən Azərbaycana qarşı mənfi kampaniyaların aparıldığını müşahidə etmişik. İran ordusunun sərhəddə keçirdiyi təlimlər, bəzi din xadimlərinin və rəsmi şəxslərin Azərbaycana yönəlik sərt açıqlamaları hələ də yaddaşlardadır.
Bugün də Zəngəzur dəhlizi məsələsində İranın sərt mövqeyini yumşaltmaması diqqətçəkici məqamdır. Eləcə də, İranda açıq şəkildə fəaliyyət göstərən və Azərbaycana qarşı yönəlmiş “Hüseyniyyun” adlı terror təşkilatının mövcudluğu hələ də ciddi narahatlıq doğurur. Bu kimi məsələlər hələ də həllini tapmamış problemlər sırasındadır və onların böyük əksəriyyəti məhz Tehrandan qaynaqlanır.
Azərbaycan tərəfi isə İrana qarşı heç bir qeyri-dost münasibət sərgiləmir. Prezident İlham Əliyev hələ 2020-ci il Qarabağ zəfərindən sonra regional əməkdaşlıq üçün 3+3 formatını təklif etmişdi ki, bu da sülh və qarşılıqlı faydalı münasibətlərə yönəlmiş bir təşəbbüsdür. Təəssüf ki, İran bu təşəbbüsü hələ tam olaraq yüksək qiymətləndirməyib.
Bununla belə, son səfərin müsbət keçməsi ümid verir və inanırıq ki, bu səfər iki ölkə arasında mövcud problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addım olacaq.
Elnur Quliyev