Azərbaycan çempionu “Qarabağ” 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən qoşulacaq.
90deqiqe.Az xəbər verir ki, bu qərar Fransanın PSJ klubunun Çempionlar Liqasının yarımfinalında İngiltərənin “Arsenal” komandasını məğlub edərək finala yüksəlməsi nəticəsində verilib.
Həm PSJ, həm də finaldakı rəqibi İtaliya “İnter”i öz ölkələrinin daxili çempionatları vasitəsilə artıq turnirin əsas mərhələsinə vəsiqə qazanıblar. Bu səbəbdən təsnifat mərhələlərində iştirak edən klublardan ən yüksək UEFA reytinqinə malik olan “Olimpiakos” (Yunanıstan) birbaşa Liqa mərhələsində oynamaq hüququ əldə edib.
Nəticədə Çempionlar yolunda təsnifat mərhələsində iştirak edəcək komanda sayı azalıb və bu da ilk raundda mübarizə aparmalı olan iki yüksək reytinqli klub – Slovakiyanın “Slovan” (33,500) və Azərbaycanın “Qarabağ” (32,000) komandalarının yarışa birbaşa II təsnifat mərhələsindən başlamasına imkan yaradıb.