- Rusiya Qadınlar Liqasında VIII turun rəmzi komandasına seçildiniz. Təəssüratlarınızı bölüşə bilərsiniz?
- Rusiyada həftənin rəmzi komandasına seçildiyim üçün sevincliyəm. Layiq olduğuma görə həmin siyahıda yer aldım. Çalışacağam ki, davamlı olsun.
- Ölkə xaricində karyeranız kifayət qədər uğurlu alınır. Bunun səbəbini nədə görürsünüz?
- Rusiyada karyeramın uğurlu olmasının səbəbi işimə həvəslə və istəklə yanaşmağımdır. Oyunlarda, məşqlərdə fərqli səylə çalışıram. Buna görə də hər şey uğurlu alınır.
- Bəzi azərbaycanlı futbolçular ölkə xaricində çox qala bilmirlər. Sizdə vəziyyət necədir?
- Azərbaycandan kənarda yaşamaq bəzən mənə də çətin olur. Çünki ailəmdən, ölkəmdən uzaq qalıram. Lakin futbolu çox sevirəm. Qarşıma böyük hədəflər qoymuşam və buna çatana kimi səbrli olacağam.
- "Zenit"lə olan müqaviləniz nə vaxt bitəcək? Sizə yeni sözləşmə təklif edilib?
- “Zenit”lə 2026-cı ilin dekabr ayına kimi müqaviləm var. Onlar mənə yeni sözləşmə təklif ediblər. Lakin hələlik cavab verməyə tələsmədiyimi və düşünəcəyimi demişəm. Sərfəli təkliflərim olsa, dəyərləndirə bilərəm.
- Daha neçə il ölkə xaricində oynamağı düşünürsünüz?
- Bu barədə nəsə demək çətindir. Futbola bağlıyam. Çox istərdim ki, Azərbaycanda qadın futbolu daha da inkişaf etsin və mən də gəlib öz ölkəmdə oynayım.
- Futbolçu kimi ən böyük arzunuz nədir?
- İngiltərə və ya İspaniyada oynamaq ən böyük arzumdur. Bu iki liqadan təklif gəlsə, mütləq dəyərləndirərəm.
- Hazırda "Zenit" Rusiya Qadınlar Liqasında 8 turdan sonra 17 xalla 13 komanda arasında 3-cü pillədə qərarlaşıb. Komandanızın çempionluq şanslarını necə qiymətləndirirsiniz?
- Bu mövsüm Rusiya çempionatında çıxış edən bütün komandalarda rəqabət var. Klubların səviyyəsi çox yaxşıdır. Hər oyun ağır keçir. Düşünürəm ki, bu il də çempionluq bizim olacaq. Ciddi hazırlaşırıq.
- Məlum səbəblərə görə Rusiya klubları avrokuboklarda iştirak edə bilmir. Bu hal hal sizə və kollektivə necə təsir edir?
- Üzücü məqamdır. Çempion olduğumuz halda avrokuboklarda oynaya bilmirik. Ümid edirəm ki, UEFA-nın Rusiya klublarına qarşı sanksiyası aradan qalxar və biz də beynəlxalq arenada oynayaraq inkişaf edərik.