AZ

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...


Böyük qarma-qarışıqlıqlarla başlayan XX əsr özünün 90-cı illərinə ciddi hərbi-siyasi qarşıdurmalarla, milli-mənəvi böhranlarla gəlib çıxdı. Dünyanın bir çox xalqları kimi Azərbaycan xalqı da tarixin ən sərt sınaqlarından keçmək məcburiyyətində qaldı.

Millətin və dövlətin suveren hüquqları, ölkənin ərazi bütövlüyü, vətəndaş qarşıdurması, xaos və özbaşınalıqla müşayiət edilən müxtəlif təhdidlər müstəqil Azərbaycan Respublikasının varlığını, dövlətçiliyimizin mövcudluğunu çətin suallar qarşısında qoydu. Belə mürəkkəb və qarışıq dövrdə xalqa liderlik və millətə öndərlik edən şəxsiyyətə böyük ehtiyac var idi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyunun 15-dən Azərbaycana rəhbərlik etməyə başlaması ölkəni üzləşdiyi siyasi, iqtisadi, sosial böhrandan çıxardı.

Bu, sözün əsl mənasında, xalqın qurtuluşu, dövlətçiliyin xilası idi

Hərbi-iqtisadi, mənəvi-siyasi böhran bütün ölkəni bürümüşdü, ərazilər parça-parça qoparılırdı. Azərbaycan dövlətçiliyinin dağılmaq ərəfəsində olduğu bir vaxtda Heydər Əliyev xalqın israrlı tələbi ilə Bakıya gəlib məkrli qüvvələrin rəvac verdiyi separatizmin və vətəndaş qarşıdurmalarının önünə keçdi. Xalqı parçalanmaqdan, dövləti dağılmaqdan xilas etdi. Bu, sözün əsl mənasında, xalqın qurtuluşu, dövlətçiliyin xilası idi. Elə o zaman ulu öndər müstəqil Azərbaycan dövlətinin əsas prioritetlərini bir vəzifə kimi qarşıya qoydu və bunları qeyd edib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi

Artıq cəmiyyətin ictimai-siyasi hədəfləri bəlli idi, ölkənin uzunmüddət­li iqtisadi strategiyası da beynəlxalq hüquqi müqavilə və sazişlərlə yaradılmışdı. Lakin demokratik cəmiyyət quruculuğunda Əsas qanunun hazırlanması, mükəmməl hüquq sisteminin və səmərəli məhkəmə hakimiyyətinin yaradılması ən vacib məsələlərdən biri kimi gündəlikdə dururdu. Hüquqi cəmiyyət quruculuğunda Konstitusiya əsas hüquqi baza idi. Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonra 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiya qəbul edildi. Yeni Konstitusiyaya əsaslanaraq, 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. O cümlədən, "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar və hüquq sisteminin mahiyyətini müəyyən edən əsas məcəllələrin layihələri hazırlanaraq nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. 1998-ci ildə imzalanan "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahə­sində tədbirlər haqqında" Fərmanla bu sahənin istiqamət və konsepsiyası müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, 2025-ci il Konstitusiya və suverenlik ili elan olunduğundan bu məsələlər mütləq mənada diqqət mərkəzində qalmalıdır: “Azərbaycan dövləti hüquqi, demokratik, dünyəvi və unitar Respublika kimi, insan hüquq və azadlıqlarına xüsusi önəm verib. Bütün bunlar dövlətin ali məqsədi kimi konseptual və prioritet xarakter daşıyır. Təsadüfü deyil ki, 12 noyabr 1995-ci ildə qəbul edilən Konstitusiya ilə Azərbaycan dövlətinin ali məqsədi insan, vətəndaş hüquq və azadlıqların, ölkə vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdən ibarətdir. Ölkəmizin Konstitusiyası beynəlxalq hüququn subyekti olan dövlətlər sırasında insan hüquq və azadlıqlarına görə öncül yerlərdən birini tutur. 1993-cü ildən ölüm cəzasına müstəsna cəza tədbiri kimi maratorium qoyulub. Azərbaycan 90-cı illərdə hüquq sahəsində aparılan islahatlara görə MDB məkanında öncül yerlərdən birini tuturdu. 18 oktyabr 1991-ci ildə Azərbaycanın Müstəqillik Konstitusiyası Aktı imzalanandan üzü bəri bütün sahələrdə islahatlar aparılıb. O cümlədən, hüquq sahəsində bir sıra islahatlar həyata keçirilib. Konstitusiya Məhkəməsinin yaradılıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası qanunu 1997-ci ildə qəbul edilib. Ondan sonra həmin qanuna bir neçə əlavələr edilib. Bütün bunlar ölkədə ədalət mühakiməsinin həyata keçməsini təmin etmək və cinayətkarlıqla mübarizə siyasətinin, hüquq-mühafizə orqanlarının məqsəd və vəzifələrini konsolidasiya etməkdir. Yəni mərkəzləşmiş qaydada bir yerdə bu məsələnin öhdəsindən gəlməkdir. Azərbaycan Konstitusiyası hüquqi dövlət anlamına tamamilə uyğundur. Bu il Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30 illiyi qeyd ediləcək. Suverenliyimizin 5 illiyi qeyd ediləcək. Bütün bunlar çox önəmli hadisələrdir. Suverenlik hüququmuzun təminatı ölkə Konstitusiyasında aydın şəkildə öz əksini tapıb. Ölüm hökmünün ləğvi, həm şərqdə ilk müstəqil demokratik respublika kimi elan edilməsi kifayət qədər böyük hadisədir. Bu, həm Avropaya, həm də dünyaya verilən mesajdır. O mənada ki, Azərbaycan müsəlman dünyasında bir sıra ilklərə imza atıb”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
0
baki-xeber.com

1Mənbələr