AZ

Pakistan və Hindistan arasında gərginlik: Regionaldan qlobal təhlükəyə doğru

Pakistan və Hindistan arasında baş verən müharibə təkcə iki dövlət arasında olan qarşıdurma deyil, həm də regional sabitliyi təhdid edən və qlobal sülhə mənfi təsir edə biləcək təhlükəli bir hadisədir. Bu gərgin vəziyyətdə Pakistan öz milli təhlükəsizliyini təmin etmək və regionda strateji balansı qorumaq üçün zəruri addımlar atır.

Bu fikirləri  NOCOMMENT.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Tural

Münaqişənin əsasında uzun illərdir davam edən və həllini tapmayan Kəşmir problemi dayanır. Bu bölgədəki həssas humanitar vəziyyət isə vəziyyəti daha da mürəkkəbləşdirir. Pakistan bu məsələni yalnız ərazi məsələsi kimi deyil, orada yaşayan insanların hüquq və azadlıqlarının müdafiəsi prizmasından da qiymətləndirir.

Təəssüf ki, bəzi hallarda Hindistan tərəfinin sərt və birtərəfli addımları bölgədəki gərginliyin artmasına səbəb olur. Belə yanaşmalar problemin mürəkkəb təbiətini nəzərdən qaçırır və münaqişənin dinc həllinə əngəl yaradır. Pakistan isə həm diplomatik, həm də hərbi müstəvidə təmkinli, hüquqa əsaslanan və beynəlxalq normalara uyğun mövqe nümayiş etdirir. İslamabad daim dialoq və qarşılıqlı anlaşmanı ön planda tutaraq, problemin sülh yolu ilə həllinə çalışır.

Pakistanın mövqeyi BMT-nin mövcud qətnamələrinə əsaslanır və bu, onun beynəlxalq hüquqa sadiqliyini göstərir. Bugünkü qarşıdurma illərlə yığılıb qalmış və həll olunmamış problemlərin nəticəsidir. Buna baxmayaraq, Pakistan milli həmrəylik və prinsipial mövqe nümayiş etdirərək öz maraqlarını müdafiə edir.

Xüsusilə hərbi qüvvələrin koordinasiyalı fəaliyyəti ölkənin müdafiə gücünü və hazırlığını ortaya qoyur. Eyni zamanda, informasiya cəbhəsində də Pakistan dünyaya real mənzərəni çatdırmağa çalışır. Sülhə üstünlük verən Pakistan, öz milli maraqlarını qorumaq zərurətini də heç vaxt unutmur. Kəşmir məsələsinə humanitar yanaşma ölkənin xarici siyasətində mühüm yer tutur.

Bu çətin dövrdə Pakistan həmrəylik və əzm nümayiş etdirir. İslam dünyasından gələn dəstək və maraq da diqqətəlayiqdir və bu mübarizədə ölkəyə mənəvi güc verir. Müasir hərbi və texnoloji imkanlardan səmərəli istifadə edən Pakistan, təhlükəsizliyini təmin etməkdə qərarlıdır.

Əhali arasında vətənə bağlılıq və dövlətə güvən hissi getdikcə güclənir. İqtisadi çətinliklərə baxmayaraq, milli maraqlar Pakistan üçün dəyişməz prioritet olaraq qalır. Bu münaqişə yalnız hərbi deyil, həm də siyasi və mənəvi məsuliyyət tələb edən bir məsələdir.

Pakistanın mövqeyi coğrafi, tarixi və prinsipial baxımdan əsaslıdır. Regionda davamlı sülh və sabitliyin təmin olunması üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan həll yolları önəmlidir. Pakistan bu prosesdə haqq səsini qorumağa davam edir və bu mərhələ ölkənin tarixində önəmli bir dönüm nöqtəsi kimi qalacaq.

Seçilən
0
nocomment.az

1Mənbələr