Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində iş materiallarına 300 tibbi sənəd və 500-dən çox elektron məktub əlavə edilib.
KONKRET.az xəbər verir ki, Buenos-Ayres əyalət polisi prokurorluğun göstərişi əsasında Maradonanın son günlərini keçirdiyi Olivos klinikasına reyd təşkil edib.
Əməliyyat zamanı Maradonanın müalicəsinə dair laborator nəticələri, tibbi sənədlər və yüzlərlə məktub ələ keçirilib.
Polis hesabatında qeyd olunur ki, əməliyyatın məqsədi müttəhimlər tərəfindən məhkəməyə təqdim olunmayan sübutları ələ keçirmək və 3–11 noyabr 2020-ci il tarixləri arasında Maradonaya göstərilən tibbi xidmətlə bağlı bütün məlumatları toplamaq olub.
Hesabatda həmçinin klinikanın direktoru Pablo Dimitrof və Reanimasiya şöbəsinin müdiri Fernando Villarejonun verdiyi ziddiyyətli ifadələrin istintaq prosesinə təsir göstərdiyi vurğulanıb.
Xatırladaq ki, futbol tarixinin ən böyük adlarından biri olan Dieqo Maradona 2020-ci il noyabrın 25-də Argentinanın Tiqre şəhərində, “xroniki ürək çatışmazlığı səbəbindən yaranan kəskin ağciyər ödemi” nəticəsində vəfat edib.
Aynurə İsmayıl
KONKRET.az