AZ

Tərtərdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mözsusunda konfrans keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və TərtərAğdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon Mədəniyyət evində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans kecirilib.

Konfransda rayon icra hakimyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, icra hakimiyyətinin əməkdaşları, idarə-müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, qazilər, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər. Sonra rayon Mədəniyyət evinin foyesində Ümummili Lederə həsr olunmuş foto-stend və kitab sərgisinə baxıblar. Tədbirin davamı rayon mədəniyyət evinin zalında olub.

Öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb.

“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda məruzə edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə Konstituyamızın qəbul edilməsinin 30 və 44 günlük Vətən müharibəsində qazanılan zəfərin 5 ilinin tamam olması, torpaqlarımızın suverenliyinin tam təmin olunması münasibəti ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli “ elan olunub. Ölkə rəhbərinin sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilib. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da hənin “Tədbirlər Planı”na uyğun olaraq silsilə tədbirlər keçirilir.

Bu gün isə “Konstitusiya və Suverenlik İli”ndə bir daha dahi rəhbəri, Azərbaycan Konstutusiyasının müəllifini, suverenliyimizin yaradıcısını yada salmaq bizim onun ruhu qarşısında mənəvi borcumuzdur.

Bəli, insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, ümummilli liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar.

Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.

1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, “20 Yanvar” faciəsinə siyasi qiymət verildi, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.

Bizə yaxşı məlumdur ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümdən çəkinməyərək nail oldu.

Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.

Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır.

1995-ci ilin mayında Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanınaa əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edilmişdir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tariximiz yeni uğurlarla zənginləşir. 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə, bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri tariximizin şərəfli səhifələri olmaqla bərabər, həm də Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya bəyan edir. Bütün bunlar həm də ondan xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev ideyaları yaşayır, Ulu öndərin arzuları çin olur.

Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon prokuroru Əli Qurbanov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov və şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərman və hədiyyələr, Ümummilli Liderin 102-ci ildönümünə həsr edilmiş inşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlərə isə fəxri fərman təqdim edilib.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr