AZ

 Vahid kart sistemi təkcə ödəniş vasitəsi deyil, həm də bir inteqrasiya alətidir -Ekspert

Vahid kart sistemi sadəcə bir nəqliyyat layihəsi deyil, bu, texnologiyanın və idarəetmənin insan həyatına verdiyi dəyərin təzahürüdür

Azərbaycanda dəmir yolu ilə yanaşı digər nəqliyyat vasitələrində də gedişhaqqını kartla ödəmək üçün təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
"Biz buna hazırıq. Hazırda müştərilərimiz dəmir yolunda ödənişi təkcə kartla deyil, həm də "Applepay" və "Googlepay" vasitəsi ilə həyata keçirə bilir. Bu imkanı da onlara təmin etmişik. Digər ictimai nəqliyyat vasitələrində kartdan istifadə ilə bağlı təkliflərimiz müvafiq qurumlara vermişik. Əgər onlardan müsbət rəy olsa, bununla bağlı hazırlığımız və bilik-bacarığımız var. Bu xidmətin əhatə dairəsini sürətlə genişləndirə bilərik", - deyə o qeyd edib. 

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Sherg.az-a bildirib ki, indiyə qədər ödənişlə bağlı sıxıntılar və çətinliklər  çox olub:

“Vətəndaşlar bundan əziyyət çəkirdi. İndi bank kartları ilə ödəniş etmək əlbəttə gözəl şərait yaradacaq. Vətəndaş istər maaş kartından, istərsə də  digər bank kartı ilə rahat ödəniş edə biləcək. Beləliklə həm vaxt itkisi olmayacaq, həm də nağd ödənişlərdən qaçınılacaq. Bunlar ümumiyyətlə işin gedişatına müsbət təsir göstərən amillərdir. Vahid kart sistemi təkcə bir ödəniş vasitəsi kimi deyil, həm də bir inteqrasiya aləti kimi çıxış edəcək. Təsəvvür edin, səhər metroyla işə gedirsiniz, günorta rayona qatarla yola düşürsünüz, axşam isə avtobusla evə dönürsünüz, bütün bu gedişlər üçün isə sadəcə bir kart yetərlidir. Bu rahatlıq, ilk növbədə, sərnişinlərin gündəlik həyat keyfiyyətini artıracaq. Artıq cibində xırda pul axtarmağa ehtiyac qalmayacaq, sürücülərlə vaxt itirən dialoqlar minimuma enəcək. Nəticə etibarilə, vahid kart sistemi sadəcə bir nəqliyyat layihəsi deyil, bu, texnologiyanın və idarəetmənin insan həyatına verdiyi dəyərin təzahürüdür.
Seçilən
0
sherg.az

1Mənbələr