"Azərbaycanla Vyetnam arasında olan münasibətlərdə inkişaf hər iki tərəfin xeyrinədir. Hər iki dövlət bu əlaqələrdən müsbət dividentlər əldə edə bilər. Ali səviyyədə qonağın Azərbaycana səfəri siyasi, iqtisadi, nəqliyyat, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına müsbət təsir göstərəcək".
Bu sözləri Sonxeber.az-a politoloq İlyas Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, hər iki dövlət arasında bir sıra ortaq cəhətlər mövcuddur:
"Məsələn, Azərbaycan da öz müstəqilliyi, azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmışdır. Vyetnam dövləti də SSRİ dövründə ərazisinin birləşdirilməsi, azadlıq mübarizəsi, Amerikaya qarşı müharibədəki dirənişi və hazırkı dövrdəki təşəkkülü ilə bir sıra itkilər, dağıntılar və fəlakətlər yaşamışdır. Vyetnam dövləti də Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkmiş və müstəqillik uğrunda daim mübarizə aparmışdır. Azərbaycan dövləti də çətin və əzablı yollardan keçərək ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir. Hazırkı reallıqlarda Azərbaycan və Vyetnam bir-birindən çox uzaqda yerləşsə də, münasibətlərdə ortaq dəyərlərin tapılması və inkişaf etdirilməsi vacibdir. Bu baxımdan hesab edirəm ki, münasibətlərin yaxşı gələcəyi vardır".