BAKI, 8 may. TELEQRAF
“Ölkədə 120-dən artıq ümumitəhsil məktəblərində xüsusi siniflər var”.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.
O bildirib ki, bu siniflər kənd və qəsəbələrdə də mövcuddur: “Hətta bir uşaq olsa belə onun xüsusi təhsil ehtiyacı varsa, qanunvericilik imkan verir ki, uşaq üçün həmin kənddə, qəsəbədə sinif təşkil olunsun.
Məqsəd budur ki, bütün uşaqları inkluziv təhsilə cəlb edə bilək. Amma bunun üçün inkişaf yolu keçməliyik. Bir məktəbdə panduslar qurulsa, bütün şərait yaradılsa belə tam uyğunlaşma olmayana qədər bu mümkün olmayacaq.
Bunun üçün küçə, uşağın evi, binası ictimai nəqliyyat da uyğun olmalıdır. Bu birdən-birə ola bilməz, kifayət qədər inkişaf yolu keçməliyik. Yalnız müəllimlərin, məktəbin uyğunlaşmasından söhbət getmir. Şəhərin infrastrukturu uyğunlaşmalıdır ki, bu işlərin sonunda onlar işə düzələ, ali təhsil ala bilsinlər. Kompleks şəkildə işlər həyata keçirilməlidir”.
Sektor müdiri qeyd edib ki, 2024-cü ildən etibarən sağlamlıq imkanları məhdud uşaqlara təhsil verən bütün müəssisələrə Fərdi tədris planı tələbi qoyulub:
“Hazırda yüzə yaxın xəstəlik siyahısı var və bu siyahıdakı xəstəliklərdən əziyyət çəkən uşaqlara evdə təhsil verilir”.