Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbir keçirilib.
“Hüquqlarımız” adlı məlumatlandırıcı sessiyada tələbələrlə fikirlərini bölüşən ATMU-nun baş hüquqşünası Aydın Kərimov qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət edib.
Hüquqşünas bildirib ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda olan strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.
Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 23 saat davam edən və 2024-cü il sentyabrın 20-də başa çatan antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev çıxışında bildirib ki, 2025-ci il Azərbaycan xalqının tarixinə iki böyük siyasi hadisənin qeyd olunması ilə daxil olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bununla əlaqədar olaraq Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçiriləcək. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilən Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb.
Sessiya tələbələrin mövzu ilə bağlı sualları ilə yekunlaşıb.
NAMİQ