AZ

Şəmkir, Qazax və Ağstafa rayonlarının Ağsaqqallar Şuralarının hesabat konfransları keçirilib

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar may ayının 5-də və 6-da   Şəmkir, Qazax və Ağstafada  təşkil olunub.

Toplantılarda  Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, hər üç rayonun icra hakimiyyətlərinin rəhbər şəxsləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən icra hakimiyyətlərinin rəhbər şəxsləri ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların əhəmiyyətli rolundan söz açıblar.  Şəmkir, Qazax və Ağstafa  rayonlarında da ağsaqqalların aktiv fəaliyyətindən bəhs edən natiqlər konfransın işinə uğurlar arzulayıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun,  Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şair Barat Vüsalın və  Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin hesabat dövrü ərzində yerli təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri barəsində məruzələri dinlənilib. Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, yerli təşkilatların üzvləri gələcəkdə öz fəaliyyətlərini daha səmərəli  şəkildə quracaqlar və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcəklər, xüsusilə gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Natiq, həmçinin, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici, eləcə də sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini,  beynəlxalq nüfuzunun daha da yüksəldiyini vurğulayaraq dövlət başçısının Çin səfərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir və biz ağsaqqallar hər zaman onu dəstəkləyəcək, ətrafında sıx birləşəcəyik.

 

 

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr