40 yaşlı britaniyalı pilot, Formula 1-in yeddiqat dünya çempionu Luis Həmilton Mayami Qran Prisi zamanı "Ferrari" komandası ilə arasında gedən radio danışıqları haqda fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, yarışın gedişində Həmilton və komanda yoldaşı Şarl Lekler arasında mövqe dəyişməsi fonunda müəyyən narazılıq yaşanıb. Yarışın sonlarında Həmilton monakolu pilotu önə buraxdıqdan sonra, onun mühəndisi Rikkardo Adami britaniyalı sürücüyə bildirmişdi ki, arxasında "Williams" komandasından Karlos Sayns 1.4 saniyə geridədir. Həmilton isə buna istehzalı şəkildə cavab verib: "Onu da buraxım keçsin?"
Sky Sports-un verdiyi məlumata görə, Həmilton bu sözlərini belə izah edib:
“Radiodan daha pis şeylər də deyə bilərdim. Keçmişdə başqalarının dediyi bəzi şeyləri eşitmisiniz. Mənimki bir növ sarkazm idi. Bilməlisiniz ki, biz avtomobildə inanılmaz təzyiq altındayıq. Mübarizənin qızğın vaxtında heç kimdən sakit və diplomatik mesajlar gözləməyin”.