AZ

Bu oğlan ulduz xəstəliyinə tutulmasa... - Mövsümün TAPINTISI

Premyer Liqanın parlayan gəncləri arasında Rüfət Abbasovun da adı var.

"Neftçi"nin yetirməsinə Elvin Cəfərquliyevin davamçısı deyənlər də az deyil.

Mövqeyi, oyunçu stilində bənzərliyi çoxdur.

Abbasov arxada qalan 33 görüşün hamısında meydanda olub.

İlk günlərdən sürəti, mübarizəsi, hücumlara aktiv qoşulması ilə seçilib. Təbii ki, nöqsanları da az deyildi.

Amma sabit oynamaq fürsəti qazanması onları da aradan qaldırmasına yol açır.

Muasir futbolda cinah oyunçularının yeri xüsusidir. Böyük həcmdə iş görmək məcburiyyəti onların boynundadır.

Cinah boyu bütün zonalarda aktiv iştirak etməlisən. Müdafiəçi kimi arxa zonada rəqibə mane olmaqla bərabər, sivir ucda yer alanların fərqlənməsinə də şərait yaratmalısan.

Təbii ki, cinah müdafiəçisinin bu yolda edəcəyi ən ümdə vəzifəsi uğurlu cinah asmaları etməsidir.

İlk vaxtlar 20 yaşlı futbolçu bu baxımdan çox axsayırdı.

Dəfələrlə hücumlara yaxşı qoşulur, boş zonalar tapır, amma dəqiq ötürmələr verməkdə çətinlik yaşayırdı.

Bu gün həmin problemin böyük ölçüdə arxada qaldığını deyə bilərik.

Son iki turda onun timsalında eyni formada edilən cinah ötürməsinin qolla nəticələnməsi heç də təsadüfi deyil. Verilən şansın, çəkilən əməyin bəhrəsidir.

Xüsusilə "Kəpəz"lə matçda Alfons Msanqaya verdiyi məhsuldar ötürməyə dəfələrlə baxmağa dəyər.

Bununla onun aktivindəki qol ötürməsinin sayı 5-ə qalxmış oldu.

Bu gün Premyer Liqada çox sayda əcnəbi son cinah müdafiəçisi var.

Ən yaxşı hesab etdiyimiz və kifayət qədər böyük təcrübəsi olan Boyan Letiçin aktivindəki məhsuldar ötürmə sayı 6-ya bərabərdir.

Ondan sonra ən yüksək göstərici Elvin Cəfərquliyev (6) və Toral Bayramovun (5) adındadır.

Deməli, böyük təcrübəyə sahib belə adlardan geri qalmayan Rüfətin çıxışını təqdirəlayiq hal hesab etmək olar.

Ümid edək ki, istedadı oyunçu bir çox yerli gənclər kimi ulduz xəstəliyinə tutulmaq yox, daha da inkişaf etmək yolunu seçəcək.

Unutmamalıdır ki, hələ yolun başındadır.

XANOĞLAN İMANOV

Seçilən
0
sportinfo.az

1Mənbələr