AZ

Azərbaycanın bu addımı Rusiyanın davranışlarına cavabdır – Mübariz Göyüşlü- ÖZƏL

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmama qərarına AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən istintaqın aparılmaması, Azərbaycan mediasına qarşı kiberhücumlar və deputat Azər Badamovun Moskvada saxlanılması kimi amillər təsir göstərib. Rusiya tərəfi bu məsələlərlə bağlı hələ rəsmi açıqlama verməyib.

Siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib ki, 
Azərbaycanın bu addımı Rusiyanın davranışlarına cavabdır:
"Hesab edirəm ki, əgər Azərbaycan dövlət başçısı bu toplantıya qatılmayacaqsa, bu çox doğru bir addım olacaq. Bu situasiyanın yaranmasının əsas səbəbkarı, deyərdim, günahkarı Rusiya tərəfidir. Dəfələrlə Azərbaycanın sadiq, stabil, müttəfiqlik, dostluq və qonşuluq münasibətlərinə, davranışlarına baxmayaraq, biz Rusiyadan eyni adekvat cavabı ala bilmirik.
 Azərbaycan təyyarəsinə qarşı baş verən hadisələrdə, həmçinin Azərbaycan deputatının deportasiyası prosesində də biz bunu müşahidə edirik. Çox təəssüflə müşahidə edirik. Bunlar nə dostluğa, nə qonşuluğa, nə də müttəfiqlik münasibətlərinə sığmayan davranışlardır. Təəssüf ki, Rusiya bu cür yanlış mövqeyindən və davranışlarından əl çəkmir.
Nəticədə artıq görürsünüz ki, Azərbaycan Prezidenti haqlı olaraq belə bir məsələdə iştirak etmir. Azərbaycanın bu tədbirdə iştirakı Rusiya üçün çox önəmli bir mahiyyət daşıyardı və Rusiya üçün də müsbət bir məqam olardı.  Təəssüf ki, biz bunu Rusiyadan görə bilmirik. Həmin o adekvat cavabı görə bilmirik və nəticədə münasibətlər bu duruma düşür. Rusiyanın buna necə münasibət bildirəcəyi, hansı addımı atacağı və sair məsələlər Azərbaycan üçün elə bir prinsipial əhəmiyyət daşımır. Bizim öz istiqamətimiz, çalışmalarımız və yolumuz var. Rusiyanın necə davranacağı, nə edəcəyi və Rusiya tərəfindən necə qiymətləndiriləcəyi məsələsi o qədər də prinsipial deyil.
Düşünürəm ki, bu iki dövlət arasında münasibətlərə mənfi təsir etməməlidir. Rusiya bu məsələlərdən özü üçün nəticə çıxarmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr