AZ

Azərbaycan–Vyetnam münasibətləri: 66 illik etimada söykənən strateji tərəfdaşlıq

Azərbaycan ilə Vyetnam arasında münasibətlər zamanın sınağından keçmiş, dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanan etibarlı tərəfdaşlıq modelidir.

Coğrafi baxımdan bir-birindən uzaqda yerləşsələr də, bu iki ölkə arasında formalaşmış sıx əməkdaşlıq və dostluq əlaqələri 66 illik şərəfli tarixə söykənir. Həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə qurulan əlaqələr bugünkü qlobal çağırışlar fonunda yeni məzmun və dinamika qazanmaqdadır. Xüsusilə enerji, nəqliyyat, ticarət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişlənməsi iki ölkə arasında münasibətləri strateji müstəviyə daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam rəsmilərinin bu münasibətlərin inkişafına verdiyi önəm, keçmişin təcrübəsindən gələcəyə istiqamətlənən davamlı tərəfdaşlıq üçün möhkəm əsaslar yaradır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-Vyetnam parlamentlərarası işçi qrupunun rəhbəri Hicran Hüseynova bildirib ki, Azərbaycan ilə Vyetnam arasında münasibətlər son onilliklərdə ardıcıl və çoxşaxəli şəkildə inkişaf edir:

"Bu əməkdaşlıq enerji və iqtisadi sahələrlə yanaşı, humanitar və mədəni əlaqələri də əhatə edir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artması, neft-qaz sənayesində strateji tərəfdaşlığın möhkəmlənməsi və kiçik və orta biznes sahəsində birgə platformaların yaradılması bu əməkdaşlığın praktiki nəticələrini göstərir. Vyetnam Azərbaycanın xam neftinin əsas alıcılarından biri olaraq qalır, SOCAR ilə Vyetnamın aparıcı enerji şirkətləri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələri mövcuddur".

Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycanla Vyetnam arasında tranzit və logistika imkanlarının genişləndirilməsi də gündəmdədir: 

"Azərbaycanın Orta Dəhliz çərçivəsindəki strateji mövqeyi Vyetnam üçün Avropa bazarlarına çıxış baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatik və siyasi platformalarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və əlaqələndirilmiş fəaliyyət bu münasibətlərin beynəlxalq ölçüsünü də gücləndirir".

Hicran Hüseynova, Milli Məclisin deputatı

Deputat vurğulayıb ki, iki ölkə arasında mədəni, elmi və təhsil sahələrində əlaqələr də getdikcə genişlənir. Vyetnamda fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, həmçinin Sovet dövründə Azərbaycanda təhsil almış minlərlə vyetnamlının bu əlaqələrin formalaşmasında oynadığı rol xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr və yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin humanitar ölçüsünü daha da gücləndirir.

Son olaraq həmsöhbətimiz qeyd edib ki, bütün bu faktorlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri təkcə qarşılıqlı maraqlara deyil, həm də ortaq tarixə və dəyərlərə söykənən strateji əməkdaşlıq modelidir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri isə bu münasibətlərin yeni və daha strukturlaşdırılmış mərhələyə keçidində əlamətdar hadisə kimi qiymətləndirilə bilər.

Əli Hüseynov

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr