Xudat şəhəri, 4-cü şöbə adlanan əraziyə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaşayış məntəqəsinin qazlaşdırılması üçün müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, qaz tənzimləyici şkaf quraşdırılıb.
Əraziyə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Bildirilib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Çıxış edən sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə mavi yanacaq verilib.