"Hindistan İsraildən çox böyük miqdarda müasir silahlar alır. "
Politoloq Mehman İsmayılov bu sözləri News365.az-a açıqlamasında deyib.
"Məsələlərə lokal yox, qlobal kontekstdə baxmaq lazımdır. Pakistan ilə Hindistan arasında bu gün yaşanan gərginlikdə maraqlı olan iki əsas güc var: biri Rusiya, digəri isə İsraildir. Təəssüf ki, İsrail hələ XX əsrin ortalarından bəri bir mənalı şəkildə Hindistanın tərəfində yer alır. Xüsusilə 1971-ci ildə Banqladeşin Pakistandan ayrıldığı zaman oradakı bütün əməliyyatlarda Mossadın iştirak etdiyi bildirilir.
Hindistan İsraildən çox böyük miqdarda müasir silahlar alır. Digər tərəfdən, Kəşmir vilayəti həm Çin, həm Pakistan, həm də Hindistanın nəzarətindədir. Ərazinin təxminən 60 faizinə Hindistan nəzarət edir və orada əhalinin 90 faizi müsəlmandır. 30 faizlik hissəyə Pakistan, 10 faizlik əraziyə isə Çin nəzarət edir. Yəni, üç nüvə dövləti Kəşmirin ətrafında sanki barıt çəlləyinin üstündə oturublar.
Əsas etibarilə isə bu qarşıdurmada destruktiv rol oynayan oyunçular Rusiyadır və İsraildir. Ona görə ki, Pakistan Fələstinə açıq şəkildə dəstək verir. İsrail isə başladığı böyük oyunu ABŞ-ın iştirakı olmadan davam etdirə bilmir. İcazəniz olsa, bu barədə az sonra ətraflı danışarıq.
Hindistanın Pakistana qarşı bu qədər sərt cavab verməsinin arxasında da bu maraqlar dayanır. Hər kəsə məlumdur ki, Pakistan Türkiyənin strateji müttəfiqidir."